AFFA-nın milliləşdirmə siyasəti, bizim olmayan bizimkilər və məhv olan Azərbaycan futbolu

SUMQAYIT, Azərbaycan

Son vaxtlar futbol üzrə Azərbaycan millisi ölkə mediasında əsas müzakirə mövzularındandır. 

Yox, bunun səbəbi heç də yaxınlaşan Millətlər Liqası matçları deyil. 

Yığmanın gündəmi zəbt etmə səbəbi son vaxtlar milliləşdirmə məsələsinin yenidən aktuallaşmasıdır. 

Düzü, milliləşdirmə prosesinə çoxdan start vermişik və bu mənada De Byazini qınamaq doğru olmazdı. Amma bu köhnəlmiş üsulun effekt vermədiyini çoxdan görmüşük.

Yadınızdadırsa, 90-cı illərin ortalarında Kazemir Qudiyev, İbrahim Həsənbəyov, Narvik Sırxayev, Ruslan İdiqovDeni Qaysımov kimi futbolçuların milliləşdirilməsi ilə start verən proses sonradan Vlodimir Poşoxontsev,  Aleksey StukasBadri Kvartsexliyanın milliləşdirilməsi ilə davam etdi. 

Şahin Diniyevin əsas millinin baş məşqçisi olduğu dönəmdə isə milliləşdirmənin coğrafiyası genişlənmiş və Braziliya, Serbiya, Rusiya, UkraynaNigeriya kimi ölkələrdən yığmaya oyunçular cəlb olunmuşdu. 

Berti Foqtsun dönəmində isə Almaniya türkləri ölkənin 1 nömrəli komandasında görünməyə başlamışdı. Amma bu proses bəzi fırıldaqçılara samballı gəlir gətirməkdən başqa bir işə yaramadı. 

İndi də seçmə komandamızın italiyalı baş məşqçisi Canni de Byazi yeni futbolçu axtarışındadır. 

Yəqin ki, əcnəbi çalışdırıcı da Azərbaycan millisi ilə uğur qazanmağın mümkünsüzlüyünü anlamaqdadır. 

De Byazinin təxminən 6 il çalışdırdığı Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə daşıması qarşımızda əla fakt kimi dayansa da, həmin komandanın heyətinin İtaliya, Almaniya, Fransa, İsveçrə, Xorvatiya, Yunanıstan, Türkiyə çempionatından çağırılan alban legionerlərdən ibarətb olduğu da danılmazdır. 

Bəs bizim bu ölkələrin elitasında bircə təmsilçimiz varmı? 

Təbii ki, yoxdur. 

Deməli, De Byazinin alban modelini Azərbaycanda təkrarlaya biləcəyinə yönələn ümidlərin də əsası yoxdur.

Odur ki, AFFA rəhbərliyi pambıq planı kəsirdə qalan keçmiş kalxoz sədrləri kimi təmizə çıxmaq üçün hər yola əl atır. 

Çıxış yolu isə vaxtında uşaq futboluna diqqət ayırmaq idi. 

İndi bizə Kamran Əliyev, Anatoli Nuriyev, Turqay Gəmicibaş, Allahyar Səyyadmaneş kimi milliləşdirilməsi planlaşdırılan futbolçulardan nəsə gözləmək saman çöpündən yapışmaqdan başqa bir şey deyil. 

Ən yaxşı halda bəzi işbazlar pul qazanacaq, vətəndaşlıq verilən futbolçular CV-sinə "yığma futbolçusu" yazdıracaq və qazanılacaq epizodik uğurlarla kimlərsə kreslosunu möhkəmləndirəcək, dövr edəcək milyonların fonunda De Byaziye, Byazi deyiləcək. 

Uduzan isə Azərbaycan millisi və ümumiyyətlə Azərbaycan futbolu olacaq.

.

Tural Məmmədov, dikGAZETE.com

...