- 29-10-2021 17:06
- 1022
SUMQAYIT, Azərbaycan
Gələn il Qətərdə düzənlənəcək Dünya çempionatının seçmə mərhələsində sona bir tur qalmış sonuncu pillədə yer alacağı rəsmiləşən futbol üzrə Azərbaycan milli komandasını dəstəkləmək nə qədər çətindirsə, bu istiqamətdə yol göstərmək və azarkeşləri bəzən özünə də şübhəli görünən məqamlarla bağlı ovutmaq, inandırmaq da bir o qədər çətindir.
Amma indi demək olar, heç kimi yığmanın noyabrın 11-də Lüksemburqla qarşılaşmadakı nəticə maraqlandırmır.
Hazırda yerli futbol ictimaiyyətinə Canni de Byazi maraqlıdır. Ancaq bu, 65 yaşlı futbol adamının personasına maraq göstərilməsi anlamına gəlmir.
İndiki halda hamını əcnəbi mütəxəssisin nə vaxt postunu tərk edəcəyi və italiyalı çalışdırıcını kimin əvəz edəcəyi düşündürür.
Yığmanın yeni baş məşqçisinin “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanovun olmayacağına şübhə etməyən futbol camiəsi üçün ən yaxşı variant Rəşad Sadıqov sayılır.
Ölkə futbolunun futbolçu kimi bəlkə də ən parlaq siması olan “Zirə”nin baş məşqçisi son çempionat matçından sonrkı mətbuat konfransında millini çalışdırmaqla bağlı suala müsbət yanaşmaqla AFFA qarşısında “yaşıl işıq” yandırdı ki, bu da Rəşad Sadıqovu ölkənin bir nömrəli komandasının baş məşqçisi postunda görmək istəyənlərin sırasını bir az da genişləndirdi.
Rəşad Sadıqovun adı hələ cari seçmə mərhələdən öncə milli ilə birgə hallanmağa başlamışdı.
Yadınızdadırsa, İctimai Televiziyanın efirində milli komandamızın hücumçusu Ramil Şeydayev Rəşad Sadıqovun namizədliyini irəli sürmüşdü.
Düzdü, həmin vaxt Sadıqov futbolçu karyerasını bitirməmişdi və bu təklifə isti yanaşanlar qədər “14 nömrə”nin yığmanın baş məşqçisi postuna təyinatının tez olacağını düşünənlər də var idi.
Amma bu məsələ ən çox diqqət çəkən məqam təklifin bir mütəxəssis deyil, milli komandanın hazırkı üzvü tərəfindən irəli sürülməsiydi.
Görünür, əksər milli üzvləri keçmiş kapitanın rəhbərliyi altında oynamaq istəyindədilər.
Rəşad Sadıqovun milli komandanın sükanı arxasına keçməsinin əleyhinə olanlar onun təcrübəsinin azlığını önə çəkirlər.
Elə son olaraq AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov seçmə komandaya rəhbərlik edən mütəxəssisin beynəlxalq təcrübəsinin olmasının vacibliyini önə sürmüşdü.
Amma milliyə rəhbərlik edəndə - “Oser faciəsi”nin iştirakçısı olanda hansı beynəlxalq təcrübənin sahibi olduğu ilə bağlı özünə sual verməyi unutmuşdu.
Yaxud Lixtenşteyn millisinə ilk qələbə sevincini yaşadan seçmə komandamızın o vaxtkı baş məşqçisi Vaqif Sadıqov hansı təcrübə sayəsində o postu tutmuşdu ki?!.
Hələ Xorvatiyadan bəh-bəhlə dəvət etdiyimiz Nikola Yurçeviçi demirəm.
Bəs əcnəbi çalışdırıcının təyinatı vaxtı niyə Ağasəlim Mircavadov beynəlxalq təcrübəni önə çəkməmişdi?
Yəqin Azərbaycan yığmasının gələcək taleyi ilə AFFA-dan aldığı təqaüd dilemması qarşısında qalanda öz taleyini fikirləşmişdi Mircavadov.
Artıq uzun illərdir müasir futbolda gənclərə etimad göstərilməsi kimi mərhələ başlayıb.
Bu təcrübə nəinki klublar, A millli komandalarda sınanıb və müsbət nəticəsini göstərib.
Bəs, biz niyə futbolda gedən bu prosesdən kənarda qalaq?
Üstəlik, Rəşad Sadıqov haqda təcrübəsiz imici formalaşdırmaq düz deyil.
Hələ “Qarabağ”da futbolçu kimi çıxış etdiyi dönəmdə ağdamlıların U-19 komandasına rəhbərlik edən Sadıqov 2017-ci ilin dekabrından 2018-ci ilin analoji dönəminə qədər də ölkənin Olimpiya millisinə rəhbərlik etmişdi.
U-21-dən ayrıldıqdan sonra fəaliyyətini futbolçusu olduğu “Qarabağ”da həm də U-19-un məşqçisi kimi davam etdirən Rəşad 36 yaşında UEFA-nın ali məşqçilik lisenziyası olan PRO-nu almaqla bacarığını ortaya qoymuşdu.
Ötən ilin iyul ayından baş məşqçisi olduğu “Zirə”də qazandığı təcrübə də onu milli üçün təcrübəsiz sayanların qarşısına qoyula biləcək faktlardandır.
Milli komandaya indiyə qədər rəhbərlik etmiş yerli və əcnəbi mütəxəssislərlə Rəşad Sadıqov arasında bir neçə mühüm fərq var ki, həmin fərqlər də sabiq müdəfiəçinin milli komandaya gətirilməsini şərtləndirməlidir.
Birincisi, yığmanı elə mütəxəssis çalışdırmalıdır ki, millinin oyunçuları ona inanmalı, hörmət və qəbul etməlidir.
Hansı ki, hər üç amilin ən tez formalaşacağı simalardan birinin Sadıqov olacağına şübhə yeri yoxdur.
İkincisi, Rəşad futbolçular üçün rahat biridir. Onlara münasibətdə tək məşqçi yox, yeri gələndə mənəvi qardaş olur.
Futbol zehniyyəti dərin və müasirdir, hər zaman müsbət yeniliyə can atır.
Qarşısındakını inandırmaq kimi fitri ustalığı, vergisi var. Komanda daxilində intizamı qurmağı bacarır.
Üçüncüsü, keçmiş kapitan yaxşı motivatordur. Kənardan emosional olsa da, bilməyərəkdən səhv edən futbolçusunu paltardəyişmə otağında qışqırıb danlamır, yaxud hay-küy qaldırmaqla qeyri-etik nəsə demir, əksinə onu ruhlandırır, uğura kökləyir.
Bu və bilinməyən digər özəllikləri səbəbindən futbolçular arasında həm insan, həm də yaxşı məşqçi kimi nüfuzu var.
Nüfuz demişkən, AFFA rəhbərliyini ölkə futbolundakı biabırçı duruma rəğmən postunda ancaq Rəşad Sadıqov kimi sevilən simanın təyinatı saxlaya bilər.
Məsələ burasındadır ki, cari seçmə mərhələdə cəmi bir xalın qazanılması, əcnəbilərin bizi quyunun dibinə sürükləməsi AFFA-nı da çətin vəziyyətə salıb.
Hətta fedarasiyanın mediadkı pullu mirzələri də bu fiaskonu malalaya bilmirlər.
Əsas millimizin məğlubiyyətlərindən sonra italyan çalışdırıcı Canni de Byazinin süni şəkildə hədəfə çevrilməsi, tənqid olunması proseslərin maraqlı şəkil alacağının xəbərçisidir.
Azarkeşlərin də ürəyində ümid işığı yaranıb ki, hesabat günü yaxınlaşır, çox tezliklə əlahəzrət AFFA-dan futbolumuzun belə acınacaqlı durumda olmasının səbəbi soruşulacaq.
.
Tural Məmmədov, dikGAZETE.com