- 04-09-2019 10:49
- 950
BAKI, Azərbaycan
Çox dəyər verdiyim bir insanın yaxını dünyasını dəyişmişdi.
Gəncin 17 yaşı var idi.
12 günlük xəstəlik bir gəncin həyatına son qoydu.
Kəskin miningetlə dünyasını dəyişən o gəncə, həkimlərimiz heç bir yardım edə bilmədilər. Çünki xəstəlik müalicəyə tabe olmurdu.
Mən o oğlanı yaxından tanımırdım.
Amma hər bir Azərbaycanlı gənci mənim üçün dəyərlidir.
Qohumu deyir ki, o uşaq həddən artıq dindar idi.
Fanatikə çevrilmişdi.
Hətta ətrafında dindar olmayanları “kafir” adlandırırmış...
Dahilərdən biri deyib ki, dünyada din olmasaydı müharibələr, insanlar arasında ayrı seçkilik olmazdı.
Dinlər yaranandan, insanlar öz kimliklərini müəyyənləşdirdikdən sonra hamı ətrafındakının onun kimi olmasına can atdı.
Nə isə əsl danışmaq istədiyim bu deyildi.
Yəqin özünüzdə fikir vermisiniz son zamanlar ölkədə qatı dindarların “fanatik” lərin sayı artır.
Bəzən Allaha o qədər inanırlar ki, saqqallar uzanır, şalvarların balağı qısalır.
Arvadları çadraya bürünüb, təkcə gözlərini bayırda qoyurlar ki, Allahdan günahdır.
Bəziləri isə Allaha o qədər inanırlar ki, Allah yolunda özlərini döyüb, başlarını yarmağı, hönkürə-hönkürə ağlayıb, qışqıra –qışqıra Allahı çağırmağı “Din" adlandırdılar.
Mən dindar deyiləm.
Amma məni Yaradan Allahın varlığına bütün varlığımla inanıram.
Oğru deyiləm, yalan danışmıram, ev yıxmıram, zinakar deyiləm, fəsadlığım yoxdur.
Amma qapalı da deyiləm.
Çətinliyim olanda Allaha sığınır, bacardığım qədər insanlara yaxşılıq etməyə çalışıram.
Yaxşılıq etməyi bacarmasam da, kiminsə ayağının altını qazmıram.
Yox özümü tərifləmək də deyil məqsədim.
Məqsədim 17 yaşlı uşağın ölümündə günahkar olanların Allahdan cəzalarını istəməyimdir.
Yaxınları deyir ki, uşaq son zamanlar qatı dindar olmuşdu.
Hətta Aşurada səhərə kimi həyətdə namaz qılıb ki, Allaha yaxın olsun.
O uşağa dini başa salan qandırmayıb ki, bala, Allah sənin ürəyindədir.
Hara getsən səni görür, hər addımını.
Ona yaxın omaq üçün ibadət etməyin, onun buyurduğu kimi biri olmağın yetərlidir.
Daha sabaha qədər özünü döymək, soyuq havada həyətdə namaz qılıb onun yaratdığı bədənə cəza lazım deyil.
Belə dindarlarımız həddən artıq çoxalıb.
Gənclərimizi İslam çağırışı ilə aldadıb yoldan çıxarır, başqa məzhəblərin, təriqətlərin qurbanına çevirirlər.
Oysa uca Yaradan, İslamın ən gözəl din olduğunu buyurub.
İslam təmizlikdir, İslam saflıqdı, gözəllikdir İslam.
Heç bir şeyin olmasa belə böyüklüyünə sığındığın Allahın hər yerdə yanında olmasını hiss etdirəndir İslam.
Tələbkar deyil İslam, cəzakəsən deyil.
Ədalətlidir, bağışlamağı bacarandı Əsl İSLAM.
Amma bax sizlərin inandığınız və gəncləri sürüklədiyniz “din", İslam deyil, cahillikdir və ya nədir siz daha yaxşı bilirsiniz.
Bu gün İslamı o qədər bayağılaşdırıblar ki, Mollaların seks səhnələri, içki süfrələri, Molla rejimin verdiyi qərar və qanunlar.
Mən dindar deyiləm, amma ömrünü dinə sərf edib, həddən artıq Allaha inanıb, onun buyurduğu kimi olmağa çalışanlara bir məsləhətim var:
Allah və onun buyurduqları haqqında hər şeyin düzünü bilmək istəyirsinizsə, açın Qurani-Kərimi qoyun qarşısnıza və oxuyun.
Tərcüməsini oxuyun.
Siz orada İslamın gözəlliklərini fəth etdəcəksiniz, Allahı necə sevməyin lazım olduğunu öyrənəcəksiniz, dürüstlüyə, doğruluğa, həqiqətə bir addım atacaqsınız…
Yoxsa anasından xəbəri omayan cüvəlağı “molla” və “dindar” ların arxasınca sürünüb, özünüzü bədbəxt edəcəksiniz.
İslamı və Allahı sevin ancaq Qurandan öyrənərək.
Allahdan qorxun, bəd əməllərdən uzaq olun, Allahın buyurduqlarına əməl edin, amma dini təmiz fəth edəndən sonra.
Sizə bir söz deyim bir çoxlarınızın gördüyü “molla”lar, “dindarlar”, möizə edib Allah yoluna çağıranların əksəriyyəti özü İslamın nə olduğunu təmiz dərk etmir.
Onlar İslamdan qazanc üçün istifadə edirlər.
Mən çox dindarlar tanıdım, həyatımın bir qismi dindarların arasında keçdi.
Amma İslamı təmiz fəth edib, Allahı bütün varlığı ilə sevən və öz mənfəətini düşünməyən dindar görə bilmədim.
Allaha yaxın olmaq istəyirsənsə, gözlərini yum, ONU hiss edəcəksən!
.
İrade Celil, dikGAZETE.com