- 23-10-2020 09:39
- 474
BAKI, Azərbaycan
Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir.
Hər gün kiçik qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırıq.
Qələbə isə heç bir zaman asanlıqla əldə olunmur.
2016-cı ilin aprel ayında olduğu kimi.
Aprel döyüşlərində düşmənin hücumunun qarşısını alan hərbçilərimiz bir addım belə, geri çəkilmədilər.
Əksinə, düşmənə ciddi zərbə endirib, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdilər.
Ən əsası isə odur ki, bütün dünya, ilk növbədə işğalçı Ermənistan Azərbaycan əsgərinin gücünü, döyüş ruhunu gördü və dərs çıxardı.
Amma nə yazıq ki, bu döyüşlərdə onlarla oğlumuz şəhid oldu, yaralandı.
Onlardan biri də şəhid Əbdülməcid Axundov idi.
15 oktyabr şəhid Əbdülməcid Axundovun doğum günüdür.
-Əbdülməcid (ortada) dostları ilə-
Yaşasaydı, 27 yaşı olacaqdı…
Şəhidimizin doğum günündə onun barəsində 3 il əvvəl çap olunmuş məqaləni yenidən dərc etmək qərarına gəldik.
Beləliklə: "Şəhidin anası Ceyran Axundova ilə görüşüb, Əbdülməcidin 23 illik həyat hekayəsini yazmaq istədim.
Ceyran xanım məni iş yerinə dəvət etdi.
Ağrılı-acılı olsa da, Əbdülməcidi yad etdik.
"Hərbçilərin şəxsi həyatı olmur"
Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib.
Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərmiş.
Dostları üçün canını qurban verməyə belə, hazır olan Əbdülməcidin bu xasiyyəti anasını da narahat edirmiş.
Şəhidin anası Ceyran Axundova, Əbdülməcid haqqında danışarkən göz yaşlarını saxlaya bilmir, amma özünü ələ almağa çalışırdı.
-Ceyran xanım Axundova-
Deyir ki, bundan sonra Əbdülməcidi yaşatmaq üçün yaşayacaq:
"İki övladım var idi – Elçin və Əbdülməcid. Aralarında 1,5 il fərq vardı.
Onların dünyaya gəlməsi 90-cı illərə təsadüf etmişdi.
Özünüz də bilirsiniz ki, həmin illər necə çətin illər idi. Amma biz onlara elə baxırdıq ki, heç bir çətinlik görməsinlər”.
"Həmin dövr bağçalarda işığın, istilik sisteminin olmadığı bir dövr idi. Özüm də işləyirdim. Məcbur olub, onları gecə-gündüz bağçasına qoymuşdum.
Çox mehriban uşaq idilər. Əbdülməcid çox istiqanlı, yaraşıqlı və şirin uşaq olduğu üçün hamı onu sevirdi.
Orta məktəbə də onu tez qoydum. O, 2000-ci ildə məktəbə başlamalı idi, biz isə 1999-cu ildə məktəbə qoyduq.
Mən uşağın gələcəyini düşündüyüm üçün onu tez qoydum məktəbə. Düşünürdüm ki, birdən yaxşı oxumaz, birinci il ali məktəbə daxil ola bilməz. Belə edib, öz uşağımın taleyi ilə oynadım" — ana danışır.
Ceyran xanımın sözlərinə görə, Əbdülməcidin uşaqlıqdan arzusu hərbçi olmaq imiş, amma Ceyran xanım onun bu arzusunu həyata keçirməsinə icazə vermir, oğlunu bu sənətdən uzaqlaşdırmağa çalışır:
"Hərbçi sənətini heç vaxt sevməmişəm. Hərbçilərin şəxsi həyatı olmur.
Ömür boyu sərgərdan olurlar. Buna görə də, mən onu texniki fənlərə yönləndirdim".
-Şəhid Əbdülməcid Axundov-
Hər zaman olduğu kimi bu dəfə də Əbdülməcid anasına qulaq asır və sənədlərini birinci qrupa verir.
Ceyran xanımın sözlərinə görə, birinci qrupun fənləri ağır olsa da, Əbdülməcid universitetin fəal tələbələrindən olur:
"O, məktəb illərində də müəllimlərinin sevimlisi olub. Dostlarına görə hər zaman özünü önə atardı. Əgər kimsə bir pəncərə şüşəsini sındırsaydı, Əbdülməcid özünü qabağa verib, "mən etdim" deyərdi".
"Bir gün gəlib mənə dedi ki, "10 manat ver, məktəbin şüşəsini sındırmışam".
Düzü, bir qədər əsəbiləşdim, "sən məktəbə dərs oxumağa gedirsən, yoxsa şüşə sındırmağa" deyə soruşdum.
Dedi uşaqlarla zarafatlaşırdım, qolum dəydi, sındı. Amma o, şəhid olandan sonra bildim ki, şüşəni o sındırmayıbmış, sadəcə yoldaşının səhvini boynuna götürübmüş.
Belə uşaq idi. Dostları hər zaman mənə deyirdilər ki, "Ceyran xala, çalışın, onu əsgər getməyə qoymayın".
Dostları onun xarakterini bilirdilər. Canını dostları üçün qurban verərdi" — deyir C. Axundova.
"Mən də şəhid olacağam…"
Əbdülməcid hər zaman işğal altında olan torpaqlarımız haqqında danışarmış.
Ceyran xanım deyir ki, Əbdülməcid, Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş:
"Deyirdi, "ay ana, bax bütün Azərbaycan onu dəfn edir.
Mən də deyərdim ki, "nə olsun, o öldü, onunla ata-anası da öldü".
Elə oğulu itirəndən sonra özün də ölü kimi olursan.
Deyirdi ki, nə olsun, "onu dəfn etməyə prezident gəlib, necə gözəl ölümdür".
Əbdülməcid hərbi xidmətə gedənə qədər qəhrəmanlarımız, şəhidlərimiz haqqında videogörüntüləri böyük həvəslə izləyirmiş:
"Bəzən mənə də deyirdi ki, "mən də şəhid olacağam".
Buna görə də çox qorxurdum, acığıma da gəlirdi. İstəmirdim ki, o, hərbi xidmətə getsin.
Dəfələrlə onu hərbi xidmətdən saxlamağı təklif etmişdim. Bu barədə çox düşünürdüm. Amma deyirdi ki, "mən əsgər gedəcəyəm, sənin pulun batacaq".
-Əbdülməcid qardaşı Elçin ilə-
"Qardaşım hər zaman deyirdi ki, "alın yazısı nədirsə, o da olacaq". Mən çalışırdım ki, pis olan hər şeyin qarşısını alım.
2015-ci ilin iyulun 20-də Əbdülməcid hərbi xidmətə yola düşdü.
İyulun 19-u iş yoldaşlarımla birlikdə yığılıb, Qubaya getdik.
Gecəni də orda qaldıq. Hava çox soyuq idi. Orda adyala bürünüb bir şəkil çəkdirdik.
Elə həmin şəkli də telefonuma qoydu, dedi, "ana mən gələnə qədər bu şəkli telefonundan çıxarma" — ana danışır.
Qadın bu sözləri deyib telefonunu göstərir.
Bir neçə dəqiqəlik sükutdan sonra yenidən söhbətə davam edir:
"Əbdülməcid Gəncəyə düşmüşdü.
Andiçməsinə də getmişdim.
Sonra sentyabrın 10-da bir də yanına getdim.
Bilirdim ki, bölünəcəklər.
Bölünmə olanda Əbdülməcid Tərtərə, Marquşavana düşdü.
Tərtər adını eşidəndə bədənimdən üşütmə keçdi, gözümdən yaş axdı.
Bir Tərtərə, bir də Goranboya, Tapqaraqoyunluya düşməsini arzulamırdım".
O, hərbi xidmətdə olan zaman anasının yanına gəlməyə qoymurmuş:
"Məni qoymurdu yanına gedim. Deyirdi, "lazım olsa, Elçin gəlsin”.
Sonra bir yaxın tapdıq, nə olurdusa, onunla Əbdülməcidə göndərərdik.
Yerindən də şikayətlənmirdi.
Tez-tez zəng etməzdi.
Narahat olurdum, amma deyirdi ki, zəng edim nə danışım?”.
Yanvarın 22-si Əbdülməcid məzuniyyətə gəlir.
Ceyran xanım oğlunu görəndə gözlərinə inanmır.
Əbdülməcid bu aylar ərzində həqiqətən dəyişib, sözün əsl mənasında böyüyübmüş.
Boyu 1,90 sm olan gənci əsgərlik həyatı tamamilə dəyişibmiş.
Evdəki geyimləri də ona olmurmuş:
"O, mənim gözümdə həmişə uşaq idi. Düşüncələri uşaq kimi idi. Amma əsgərlikdən gələndə gördüm ki, Əbdülməcid əsl kişi olub".
-Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə-
Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…
Ceyran xanım deyir ki, o, hər zaman Əbdülməciddən narahat olurmuş:
"Mən böyük oğlum üçün əsməmişəm.
Bunun üçün əsirdim.
Dənizə gedəndə qorxurdum, batar, dostları ilə avtomobillə harasa gedəndə düşünürdüm qəza olar, başına nəsə gələr.
Sonuncu dəfə gələndə də taksi ilə gəldiyi üçün narahat olmuşdum.
Dedim, gələn dəfə avtobusla gəl, taksilər yaxşı sürmür.
Cavab verdi ki, gələn dəfə xəbərsiz gələcəm.
Qayıtdım ki, elə etmə xəbər et ki, hazırlıqlı olum. Dedi yox qəfil gələcəyəm".
Ana sonuncu dəfə oğlunun yanına mart ayının 13-də gedir.
Oğluna bayram payı aparan ana ona dönə-dönə tapşırır ki, xidməti bitirməsinə 3 ay qalıb, özünü yaxşı aparsın, mübahisələrə qoşulmasın ki, hərbi xidməti başa çatan kimi ilk buraxılanlardan olsun:
"Sonuncu dəfə yorğun görünürdü.
Dedi ki, yatmayıb gecəni.
Əmr verilib ki, ayıq-sayıq olsunlar.
Yarpaq dolmasını çox sevirdi.
Bişirib aparmışdım, amma bu dəfə yemək istəmirdi.
Güclə yedirtdim".
"Əbdülməcid manqa komandiri idi.
Həmin gün mən ona telefonunu da verdim.
Amma heç istifadə edə bilmədi ki…
Sonra öyrəndim ki, bayram günlərində telefonunu əlindən alıblar.
Nə isə problem olmuşdu.
Məcid tapşırmışdı ki, ona zəng etməyim. Amma ürəyim dözmürdü.
Rəisimizin yaxını orda xidmətdə idi.
Ondan xahiş etdim, dedim ki, Məciddən nigaranam.
Danışıb dedi ki, zəng elə.
Etdim. Məcid telefona gəlib elə qışqırdı ki…
Dedi, "sənə deməmişəm bura zəng eləmə?"
O, mənə demişdi ki, ora zəng etməyim.
Qışqırıb telefonu üzümə bağladı.
Və mən bunu bu günə qədər özümə bağışlaya bilmirəm" — gözüyaşlı ana deyir.
Aprelin 1-də qardaşı Elçinin ad günündə onu təbrik üçün zəng edən Əbdülməcid anası ilə də danışır.
Deyir ki, vəziyyəti yaxşıdır, narahat olmasınlar.
Ayın 2-si isə eşitdiyi xəbərdən Ceyran xanım üçün həyat dayanır. Yaxınları, qardaşı, atası Əbdülməcidi axtarmağa başlayır.
Ceyran xanım deyir ki, əslində hamı Əbdülməcidin həlak olduğunu bilirmiş.
Amma heç kimin ürəyi gəlmirmiş ki, bu xəbəri ona desin:
"Elçin Məcidin arxasınca gedəndə Məcidin əşyalarını – qol saatını, 41 manat pulunu və telefon nömrəsini ona vermişdilər.
Elçin bunu da məndən gizlədibmiş.
Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz". Elə də olur. Məcid qayıtmır".
"Ayın 8-i Qırmızı Xaç Komitəsi məsələyə qarışdı.
Bütün gün televizor qarşısında oturub xəbərləri izləyirdim.
Əvvəlcə belə xəbər dedilər: "Ərazidə sağ qalan yaralıların və meyitlərin çıxarılması üçün işlər gedir".
Bu xəbər mənə ümid vermişdi, düşünürdüm ki, yaralılar arasındadır Məcid.
Çünki mənə demişdilər ki, sağdır.
Axşam isə "meyitlərin çıxarılması davam etdirilir" xəbəri verildi. Onda ümidim qırıldı. Anladım ki, deyəsən…
O qədər nəzir ayırmışdım ki, Məcid sağ qayıtsın. Deyirdim qolu-qıçı olmasın, amma sağ gəlsin…" — qadın bildirir.
Ceyran xanım göz yaşlarını saxlaya bilmir.
Amma özünü toparlayıb, söhbətinə davam edir.
Deyir ki, Əbdülməcidin cənazəsini ayın 9-u səhər saatlarında gətiriblər:
"Elçin qapıdan içəri girəndə rəngini gördüm, saralmışdı.
Anladım ki, Əbdülməcid daha yoxdur.
Qəfil gətirdilər cənazəsini.
Heç xəbərim yox idi.
Bir də gördüm qapı açıldı və cənazə içəri gətirildi.
Dediyi kimi oldu, qəfil gəldi.
Tabutu açdım, kimsə mane olmadı.
Kəfəni açmaq istəyəndə əlimdən tutdular, dedilər açma Ceyran, sonuncu dəfə necə görmüsən, elə xatırla.
Kəfənin ipini də açmışdım. Amma üzünü görə bilmədim.
Kaş açaydım, kaş görəydim sonuncu dəfə, kaş sonuncu dəfə öpüb oxşaya biləydim balamı…"
Allah bütün şəhidlərimizə rəhmət, Ordumuza isə Qələbə qismət eləsin, şəhidlərin qanı yerdə qalmasın!..
.
İradə Cəlil, dikGAZETE.com