- 01-01-2020 11:36
- 1110
BAKI, Azərbaycan
Hanısısa romanın müzakirə yox, hansısa ədəbi, elmi, fəlsəfi dartışma yox, məhz ayağı ayaq üstünə aşırarkən qurulan həndəsi fiqur ən ciddi məsələlərdəndir.
Əksəriyyət işini-gücünü atıb, bir-birinin əxlaqını ölçməklə məşğuldur. Amma nə ilə ölçür, necə ölçür - bu, artıq müəmmadır.
Bilmirəm, bəlkə bunun üçün əxlaq tərəziləri peyda olub?
Yerini bilsəniz xəbər edin, bəzilərinin sözüylə əməlinin hansı nisbətdə düz gəldiyini ölçək.
Amma bəziləri deyəsən, həmin tərəziləri xüsusi sifarişlə gətirməyə nail olublar.
Soruşmaq olar, cəmiyyətin yaradıcı sayılan təbəqəsinin işi-gücü budur?
O zaman sizin qınadığınız sadə oxucu kütləsi nə işlə məşğul olmalıdır?
Bəlkə onlar sizə baxıb gülür?
Sizə çaldıqları əl alqış yox, əyləncə əlamətidir?
Bəlkə bunu da düşünəsiniz...
Bəziləri məsələyə “nə olur-olsun, əsas odur ürəyin təmiz olsun” prinsipiylə yanaşırlar.
“Əxlaq iki ayaq arasında deyil” deyənlər üçün bu, daha aktualdır.
Bəli, əxlaq iki ayaq arasında deyil, bunu düşünmək də çox bəsit olardı.
Amma, ancaq, lakin…
Söhbət də bu bağlayıcılardan gedir.
Atam balası, sən hər cür hoqqadan çıx, sonra da əməllərinini cəmiyyətə əxlaq təcəssümü kimi sırı…
Bax, bu, olmadı...
Əxlaq bədən deyil, sənin ruhundur, ruh halındır.
Ruhun necədirsə, bədənin də həmin ruhun quluna çevriləcək.
Ona görə də, bədəni ruhdan ayrı tutmaq absurddur.
Bədən, ruhun əmrlərini yerinə yetirir.
Yox, əgər ruhun əmri olmadan bədən öz işini görürsə, o zaman həmin adamın sağlam ruhundan, daha dəqiqi, ruhsuzluğundan danışmaq olar.
Ruhsuz adamsa cəmiyyətə hansı dərsi keçə bilər?
Və yaxud hansı haqla cəmiyyətə nəyin necə olduğunu öyrədə bilər?!
Əlbəttə, heç cürə.
Keçək ədəbi mühitə.
İmanımı yandırıb, ümumi danışa bilmərəm.
Amma fikir verirəm, ətrafının qadınlarla dolu olduğunu deyən, fahişələrə sevgidən danışan kəslər adi bir kitab təqdimatında heyvani hisslərinin quluna çevrilərək, dil-ağız pəhləvanına dönürlər.
Əcəba, nə baş verir?
“Qatır Məmməd” filmində Fətəli xan Xoyskinin qubernatora dediyi kimi, “Hanı sizin Finlandiyadan Kanadaya kimi rəşadətli ordunuz?”
Bəli, harada qaldı sizin ətrafınızdakı xəyanətkar qadınlar, sizin üçün dəridən-qabıqdan çıxan xanımlar, sizin sizin təbirinizcə desək, fanatlarınız?
“Bacı-bacı” demək hara, bir bakal pivədən sonra öz həyat yoldaşının arxasınca danışmaq, nədir-nədir, bir xanım üzünüzə güləcək deyə, canfəşanlıq etmək nədir?
Bu an sizin simanızın necə hal aldığının fərqindəsinizmi?
Bezmədinizmi hər gün fahişələrdən yazmaqdan, onları sevməkdən bəhs etməkdən?
Məgər bu qədər əxlaqlı xanımın sevgisi bəs etmir?
Bəlkə sizin kimiləri yaxına buraxmırlar?
“Bəlkə” dedim, dilim sancdı.
Məncə elə məsələ də burasındadır...
Çox danışıb başağrısı verməyim, sözümün canı odur ki, bir özünüzə baxın, bir də əməllərinizə.
Çalışın ruhunuza da toxunun, əgər başqa yerdə deyilsə…
Anlayan anladı…
.
İradə Cəlil, dikGAZETE.com