- 05-02-2023 08:18
- 2223
BAKI, Azərbaycan
"Bir çox güclər mövcud reallığı qəbul etməli oldular"
2020-ci il 44 günlük müharibə Azərbaycan tarixinə xüsusi qeyd edildi.
Azərbaycan qan bahasına olsa da, qələbə qazanmış, 30 il düşmən işğalı altında olan torpaqlarını düşməndən təmizləmişdi. Qürurlu idi, Azərbaycan.
Bu zəfəri, bu qələbəni, illərlərlə işğala göz yummuş dünyaya bildirmək, hayqırmaq lazım idi.
“Biz bunu bacardıq. Sizin göz yumduğunuz acılarımızın, faciələrimizin, soyqırımlarımızın əvəzini verdik. Qisas qiyamətə qalmadı” deyib hayqırmaq...
44 günlük müharibə…
Hər bir azərbaycanlı müharibənin hər gününü həyəcanla keçirirdi.
Gözlər cənab Ali Baş Komandanın Tvitter üzərindən yayımladığı xəbərlərdə idi. Torpaqlarımız bir-bir, addım-addım işğaldan azad edilirdi.
Bəli..
Artıq qələbə ilə nəticələnən 44 günlük müharibədən iki il keçib. Bu gün Azərbaycan dünyada öz sözünü deyə bilən, nüfuzlu bir ölkədir.
“Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sahədə əldə etdiyi qələbəni masada rəsmiləşdirməli və nəticələrini bütün dünyaya tanıtmalı idi.
Ona görə qələbədən sonra dərhal Azərbaycan diplomatiyası müxtəlif platformalarda danışıqlara başladı.
Nəticədə bir çox güclər mövcud reallığı qəbul etməli oldular.
-Yalçın Hacızadə
“Digər bir məsələ isə Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətləri, habelə müharibə cinayətləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və bunlara hüquqi qiymətin verilməsinə nail olmaqdır.
Sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri xarakterinə və ictimai təhlükəliliyinə görə həm beynəlxaq hüquqla həm də milli hüquqla ağır və xüsusi ilə ağır cinayətlər hesab edilir.
Belə əməllər təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması, genosid, terrorizm (sülh və insanlıq əleyhinə cinayətlər) və adamöldürmə, əhalini məhv etmə, deportasiya, ayrı-seçkilik, işgəncələr (insanlıq əleyhinə cinayətlər) və ya müharibə qanun və ya adətlərini pozmaq, bu pozuntularla işğal olunmuş ərazinin mülki əhalisini öldürmək, işgəncə vermək, hərbi əsirləri öldürmək və ya onlara işgəncələr vermək, girovları öldürmək, ictimai və ya şəxsi əmlakı talamaq, şəhər və kəndləri dağıtmaq, hərbi zərurətlə əlaqədar olmayan talançılıq (müharibə cinayətləri) və başqa hərəkətləri özündə ehtiva edir” - deyən Yalçın Hacızadə bildirib ki, Ermənistanın bu cinayətləri nəticəsində minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə insana qarşı soyqırımı cinayəti törədilib, girov götürülüb, yüz minlərlə vətəndaşımız öz doğma yerlərindən, ev-eşiklərindən didərgin salınıb, şəhər, rayon, kəndlər, mülki və ictimai əhəmiyyətli obyektlər darmadağın edilərək, əmlakları talanıb.
Bununla yanaşı Ermənistan işğal etdiyi ərazilərdə bütün tarixi, mədəni və dini abidələri də məhv edib.
Yalçın Hacızadənin sözlərinə görə, Azərbaycan Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verilməsi istiqamətində işlər aparır. Eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atır.
Ermənistanın işğal zamanı törətdikləri vəhşilikləri canlı şəkildə görmələri üçün müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri və eyni zamanda xarici və yerli media nümayəndələrinin əməkdaşları bir neçə dəfə işğaldan azad edilmiş bölgələrə aparıldı.
Bütün bunlar insanların Ermənistan tərəfindən törədilən cinayətləri özlərinin görməsi və bunu ictimailəşdirməsi məqsədi ilə edilirdi.
Yalçın Hacızadə təəssüflə qeyd edib ki, məqsədi və məramı dünyada mədəni və tarixi abidələri qorumaq olan UNESCO kimi beynəlxalq təşkilatlar ikiüzlülük nümayiş etdirərək, Azərbaycanın ərazilərində dağıdılan onlarla tarixi və mədəni abidələrin rəsmiləşdirilməsini və hüquqi qiymət verilməsini aparmaq üçün çağırışlara məhəl vermədilər.
“Azərbaycan torpaqlarını işğaldan azad etdiyi əzmlə, Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərə hüquqi qiymət verilməsi üçün beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək ədalətin təmin olunmasına çalışacaq” - deyə Yalçın Hacızadə vurğulayıb.
P.S. Bu gün Azərbaycan qalib ölkə kimi sülh müqaviləsinə doğru əmin addımlarla irəliləyir. Bəli, qarşımıza bu yolda bizi əngəlləmək istəyən, mane olmaq istəyən qüvvələr çıxır, olacaq. Amma biz 30 ildə nələr yaşamadıq ki...
Dost bildiklərimizin əslində xain düşmən olduğunu gördük, üzümüzə gülüb, kürəyimizdən vuranları tanıdıq, acılarımıza sevinənlərlə qarşılaşdıq... Yəni daha bizi heç nə qorxutmur. Güclüyük nüfuzluyuq, qalibik...