El elə sığar, ev evə sığmaz… Məcburi köçkünlərin taleyi necə olacaq?

BAKI, Azərbaycan

İndi məcburi köçkünlərin öz yurdlarına dönəcəyi günü onlarla yanaşı, paytaxtın yerli sakinləri də səbirsizliklə gözləyirlər.

Və burada söhbət "el elə sığar, ev evə sığmaz" məsəlindən gedir.

Torpaqlarımızın erməni işğalından azad olunması sevinc hissləri ilə yanaşı, illərlə həllini tapa bilməyən müəyyən problemləri də gündəmə gətirdi. 

Ən ümdə problemlərdən də mənzil məsələsidir.  

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş, didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub.

Hətta 2004-cü il iyulun 1-də "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdı.

Sərəncamın müvafiq bəndlərindən birində qeyd edilmişdi ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

1992-1998-ci illərdə işğal edimiş ərazilərdən köçkün düşən vətəndaşlar Azərbaycanın müxtəlif bölgələrində, kəndlərdə, şəhərlərdə müxtəlif dövlət binalarında, fərdi evlərdə məskunlaşmışdılar. 

Böyük şəhərlərdə başqa şəxslərə məxsus evlərdə məskunlaşan köçkünlər ölkə başçısının qərarı ilə həmin evlərdən çıxarılmamışdılar.

Artıq torpaqlarımız işğaldan azad edilib. 

Bərpa işlərinin aparılması üçün planlaşdırma işləri aparılır. 

Belə bir sual ortaya çıxır, digər şəxslərə məxsus evlərdə məskunlaşmış məcburi köçkünlərin və həmin evlərin taleyi necə olacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlamasında bildirib ki, hər hansı vətəndaş təzminatla və ya mənzillə təmin edilirsə, onun üzərindən məcburi köçkün statusu götürülür.

"Məcburi köçkün statusu götürülən kimi o, özünə aid olmayan hansı əmlakdan istifadə edibsə, həmin əmlak ondan geri alınır. Məcburi köçkünlər 1990-cı illərdə yerləşdiyi evləri boşaldacaqlar", - deyən ekspert vurğulayıb ki, həmin evlər boşaldılmayacağı təqdirdə müəyyən qüvvələr cəlb edilə bilər.

Belə problem yaşandığı zaman məhkəmə sistemi səviyyəsində prokurorluq sanksiyaları ilə həmin mənzillərin boşaldılmasına qərar veriləcək.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, həmin dövrlərdə digər insanların evlərində məskunlaşmış məcburi köçkünlər həmin evlərdən çıxarılacaq və evlər öz sahiblərinə qaytarılacaq:

"Bunun başqa yolu yoxdur. Həmin evlər kimin adınadırsa, sahibinə qaytarılır. Həmin evdə məskunlaşmış məcburi köçkün əvvəl hansı ərazidə yaşayıbsa, həmin ərazidə bərpa işləri aparılıbsa, əvvəl yaşadığı yerə qaytarılacaq. Həmin şəxslərin tutduğu evlər onlardan alınıb, əsas sahibinə qaytarılacaq".

F.Mustafa qeyd edib ki, bu prosesin reallaşması bərpa işlərindən asılıdır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, komitə bu məsələni daim diqqət mərkəzində saxlayır:

“İşğal altında olan ərazilərimiz artıq azad olunub. Mənzillərində məcburi köçkünlər yaşayan vətəndaşların da problemləri öz həllini tapacaq”.

.

İradə Cəlil, dikGAZETE.com

...