Hadrut işğaldan azad edildiyi gün Cəbrayıllı alimin sevinci…

BAKI, Azərbaycan

"Cəbrayıl işğaldan azad edilən gün mənim telefonum saatlarla susmadı. Mən Cəbrayıla bağlı adamam"...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov əslən Cəbrayılın Papı kəndindəndir. 

Elə uşaqlıq, gənclik illəri də orada keçib.

Kəndinə bütün ürəyi ilə bağlı olan F.Həsənov Papı kəndinin tarixini də araşdırıb: 

"Dilçi alim Qəzənfər Kazımovun sözlərinə görə, "papı" sözünün mənası cənnət qapısı deməkdir. 

Başqa ensklopedik mənbələrdə isə Papı kəndini Füzulinin Babı kəndi ilə eyniləşdirirlər. Ancaq Babı kəndində yaşayanlar bir tayfa olub, İrandan gələrək Füzulidə məskən salıblar. 

Onların dinlə konfliktləri olub. Bizim kəndimizdə isə məscid var idi. 

Bizim kəndimizin tarixi 1830-cu illərə dayanır. Mənim nənəm Papı kəndinin əsasını qoyan Hacı İmamverdinin nəvəsi idi.

Yəni, araşdırmalarım sübut edirdi ki, biz papılılar, Babı kəndində yaşayanlarla eyni tayfadan deyilik".

Orta məktəbi Cəbrayılda bitirən F.Həsənov Bakıda Azərbaycan Politexnik İnsitutuna daxil olur. 

İnstitutda seçilən tələbələrdən olduğu üçün ona iş də təklif edilir və burada işləməyə başlayır.

Ancaq 1993-cü ilin avqustunda yenidən Cəbrayıla qayıtmalı olur.

Həmin ilin avqust ayının 15-də Xocavənd rayonun "Daşbaşı" postunda xalası oğlu həlak olur:

"Çox qəribə idi. Post mühasirəyə alınmış, 21 nəfər əsgər vəhşicəsinə, işgəncə ilə öldürülmüşdü. 

Bəzilərinin başları, qolları bədənlərindən ayrılmış, gözləri çıxarılmışdı. 

Meyitlərin üstündən isə zəncirli traktorla keçmişdilər. Mənim xalam oğlu da orada şəhid olmuşdu. 

Bu gün də fikirləşəndə mənə qəribə gəlir. Bütün bir postu necə müharisəyə alıb, əsgərləri necə tərksilah edə bilmişdilər... 

Axı hamısı işgəncə ilə öldürülmüşdü. Mən də dayımı götürüb, Böyük Mərcanlıya gəldim. 

Atam burada məktəb direktoru olmuşdu, anamla da elə burada evlənmişdi. 

Böyük qardaşım isə Çərəkəndə kolxoz sədri işləyirdi"...

F.Həsənov danışır ki, Papı kəndi dəniz səviyyəsindən 450 metr hündürlükdə olub. 

Hadrutdan atılan "Qrad" mərmiləri Papı kəndinin üzərindən digər kəndlərə də düşürdü.

"Rayonda çox gözəl evimiz vardı. Layihəsini mən çəkmişdim, qardaşım da kolxoz sədri olduğu üçün evimiz çox gözəl və rahat idi. 

Ancaq ermənilər kəndimizi hədəfə aldığı üçün qardaşım anamı Böyük Mərcanlıya gətirmişdi. 

Atam isə evimizi qoyub çıxmaq istəmirdi. 

Deyirdi "qələt edir ermənilər". Maraqlısı bilirsiniz nədir, biz kəndimizə gedəndə yolda əsgərlər bizə deyirdilər ki, Papı, Horolu kəndləri ermənilər tərəfindən tutulub. 

Atamı düşünürdüm. Qayıdıb, Şükürbəyli kəndinə gəldim. Orada sakinlərlə danışanda bildim ki, onların Cəbrayıldan xəbəri yoxdur. 

Başqa bir yol tapıb kəndimizə getdim. Sakitlik idi, atam da həyətdə oturub çay içirdi. 

Yəni biz kəndimizi bilərəkdən, istəyərəkdən tərk etməmişdik. Kəndimizi qorumaq üçün əsgərlər yox idi. Sakinlər çarəsiz qalıb evlərini tərk edirdilər".

Müsahibimiz deyir ki, həmin dövrlərdə Azərbaycan Ordusu çox zəif olub. 

Hadrut dəfələrlə kəndlərdən atəşə tutulsa da, uğursuz olub. 

Hətta bir dəfə kəndlərə "Qrad" yığılıb ki, gecə Hadrut atəşə tutulacaq. 

Səhər məlum olub ki, atılan "Qrad" mərmisinin biri də Hadruta zərər verməyib, heç ora düşməyib.

"Ordumuz çox naşı idi. Düzdür, çox illər keçdi aradan. Ancaq indi bizim gənclər təhsilli hərbçilərdir. 

Bizim xalq ağıllı xalqdır. Bizim hərb sahəsində mütəxəssislərimiz yetişir", - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, Hadrut işğaldan azad edildiyi gün sevinci yerə-göyə sığmayıb. 

Hər zaman Hadrutdan kəndlərin atəşə tutulduğunu deyən F.Həsənov bildirib ki, Hadrutun işğaldan azad olunması ordumuzun güclü olduğunu sübut edir.

"Hadrut azad edildisə, demək qələbə bizimdir. Hadrut dəniz səviyyəsindən 1000-1500 metr hündürlükdədir. Bu da o deməkdir ki, çox kəndlərin açarı Hadrutdur. 

Düzdür, gənclərimiz şəhid olur. Amma torpağın azadlığı üçün bu olmalıdır. O gün bir şəhid anasının məktubu çıxdı qarşıma.

Ölkə prezidentinə yazmışdı ki, "yalvarıram, müharibəni dayandırma". Çox kövrəldim...", - deyən həmsöhbətimiz bildirir ki, əgər bu gün ona Cəbrayılda yaşamaq təklif edilsə, düşünmədən gedər.

.

İradə Cəlil, dikGAZETE.com

...