- 07-07-2023 14:14
- 2062
BAKI, Azərbaycan
Yay mövsümündə bir çox insan dənizə deyil, hovuzlara üstünlük verir.
Hovuzlar isə nə qədər təmizlənsə də, dərmanlansa da, dəyişməyən bir reallıq var ki, hovuzlar xəstəlik mənbəyidir. Və bu xəstəliklər daha çox uşaqlara yoluxur.
Hovuza girən uşaqlarda mədə-bağırsaq infeksiyası, qulaq infeksiyası, xüsusilə də xarici qulaq infeksiyası, göz infeksiyası, sidik yolu infeksiyası, sinüzit, dəridə göbələk infeksiyası, allergik dəri və tənəffüs yolları problemləri müşahidə edilə bilər.
Bu barədə terapevt Məlahət Abbasova danışıb.
Onun sözlərinə görə, mədə-bağırsaq infeksiyaları hovuz yoluxucu infeksiyalardan biridir.
Bu özünü bakterial salmonella, şigella, eskheriça koli kimi, viral rotavirus, adenovirus, enterovirus, norovirus, hepatit A virusu və ya parazitar mənşəli kriptosporidium, amöba, lyambliya, pinvorm kimi mikroblarla baş verir.
-Məlahət Abbasova
Həkim qeyd edib ki, bunların arasında ən çox yayılmış virus mənşəli infeksiyalarla qarşılaşırıq.
“Hovuzlarda xəstəliklər ağız, nəcis, tüpürcək, tənəffüs yolları və yaxın təmasla ötürülür. Hovuz suyu ilə qarışan bu mikroorqanizmlər bir neçə saatdan bir neçə günə qədər yaşaya bilir və hətta çox az miqdarda suyu udmaqla belə həssas uşaqlara yoluxa bilirlər.
Bu risk, çox yaxşı dezinfeksiya sistemləri olan yaxşı baxımlı hovuzlarda da rast gəlinir.
Mədə-bağırsaq infeksiyaları adətən qusma və yüngül qızdırma ilə başlayır, sonra ishal və qarın ağrısı ilə müşayiət olunur. Müayinə ilə birlikdə infeksiya qiymətləndirilir. Lazım gələrsə, qan, sidik və nəcis analizləri tələb oluna bilər”-deyə həkim əlavə edib.
Məlahət Abbasova bildirib ki, əksər xəstəliklər simptomlarının qarşısını almaq üçün müalicə yanaşmaları və ishal pəhrizi ilə idarə oluna bilər.
Onun sözlərinə görə, mədə-bağırsaq infeksiyalarının ən ciddi mənzərəsi qusma və ishal nəticəsində maye elektrolit itkisidir.
Qusma zamanı ishal əleyhinə dərmanlar və antibiotiklər faydalı olmaya bilər və ya onların yan təsirləri ola bilər. Bu səbəbdən maye və elektrolit balansını qorumaq üçün pəhriz tətbiqləri vacibdir.
- İshal zamanı necə pəhriz saxlanılmalıdır?
Həkim bildirib ki, yüngül içkilər və yeməklər istehlak edilməlidir. Qusma mərhələsində yüngül içkilərdən ibarət bir pəhriz seçilməsi tövsiyə olunur.
“Uşağınıza yerkökü suyu, şaftalı suyu, aşağı sıxlıqlı ayran, düyü suyu, yüngül çay və ya qazsız şəkərsiz mineral su verin. Bu içkiləri az miqdarda və tez-tez fasilələrlə için.
Uşağınız hərdən qussa belə bu pəhrizə davam etməyə diqqət edin. Qusma dövrlərində, qusma dayanana qədər uşağınıza zorla qidalandırmağa çalışmayın.
Yemək məcburiyyətində qaldıqda, mədə bu qidaları həzm edə bilməyəcək və bu, qusmağa səbəb olacaq və maye elektrolitlərin itkisini artıracaq.
Qusma tamamilə dayandıqdan və ishal başlayandan sonra bu içkilərə əlavə olaraq banan, şaftalı, yerkökü, kartof, düyü püresi, qatıq şorbası, yağsız makaron, düyü plovu, qaynadılmış ət və toyuq kimi yarı bərk qidalarla başlaya bilərsiniz”-deyə həkim bildirib.
- Bəs hansı halda həkimə müraciət etmək lazımdır?
Həkim qeyd edib ki, ishal qanlı və selikli olarsa, 5-7 gündən çox davam edərsə, 8-10 dəfədən çox qusarsa, qızdırma 39 C-dən yuxarıdırsa və 2 gündən çox davam edirsə, ağızdan qidalanma kifayət deyilsə, maye elektrolit itkisi əlamətləri görünməyə başlayarsa- sidik miqdarının azalması, ağız quruluğu, göz almalarının çökməsi, göz yaşlarının azalması, qarın bölgəsində dəri gərginliyinin azalması, şüurun dəyişməsi, diqqətin yayınması, yatmağa meyil, tənəffüsün sürətlənməsi müşahidə edilərsə, gecikmədən həkimə müraciət edin.
Mədə-bağırsaq infeksiyalarından uşaqları qorumaq üçün onu kifayət qədər dezinfeksiya edildiyini düşündüyünüz hovuza gətirin.
Çalışın ki, su udmasın.
Əgər o, hovuza özü girəcək yaşdadırsa, hovuz suyunu udmaması üçün onu xəbərdar edin. Rotavirus və hepatit A peyvəndi vurdurun.