Laçında şəhid olan Daşqının qardaşı: Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı

BAKI, Azərbaycan

"Ürəyi Vətən sevgisi ilə döyünürdü. Sənə qurban olum, Daşqın haqqında danışsam, gərək sən oturub məni illərlə dinləyəsən..."

Belə başlayır söhbətə Laçında şəhid olan Daşqın Səfiyevin qardaşı Orxan.

Orxanla Daşqın Gəncədə, valideynləri isə Samux rayonunda yaşayırmışlar. 

Daşqın da elə Samuxda dəfn edilir.

Daşqın Səfiyev 1989-cu il avqustun 22-də anadan olub:

"Daşqınla ağlımız kəsəndən bütün işlərimiz bir olub. Onun ən yaxını mən, mənim də ən yaxınım Daşqın idi. Gəncə şəhərində yaşayırıq. Mən hərbçi idim. Daşqın hər zaman bütün hərbçilərlə, şəhidlərlə fəxr etdiyini deyirdi. Ən böyük arzumuz Qarabağ uğrunda döyüşmək, torpağımızı düşmən işğalından azad etmək idi".

Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

-Laçında şəhid olan Daşqın Səfiyev-

Bu səbəbdən Tovuzda döyüşlər başlayanda Daşqın könüllü olaraq döyüşmək üçün müraciət etmişdi.

Tez-tez Tovuza əsgərlər üçün yardım aparan Daşqın onların sıralarında olmaq üçün çalışırdı.

"Mənə deyirdi ki, özünü qoru.”

Deyirdi ki, "qaqa, özünü qoru mənim üçün. Axı bizim sözümüz var - sən olmasan, mən olmaram. Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Və sonda arzusuna çatdı, onu qəbul etdilər. Gözüm dolmuşdu onu yola salanda. Dedi, niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq. Qucaqlaşdıq, görüşdük. Getdi..." - deyə Orxan danışır.

Qardaşlar ara-sıra danışır, düşmənlə savaşda qazanacaqlarına inanırdılar. 

Ancaq Orxanın ürəyi narahat idi. 

Sanki nəsə olacaqmış kimi hiss edirdi. 

Fikirlərini dağıtmaq istəsə də alınmırdı.

Daşqın şəhid olmamışdan iki gün öncə yenə danışırlar. Daşqın problem olmadığını, səhhətinin yaxşı olduğunu deyir:

"Ayın 5-i axşam belim tutdu. Tərpənə bilmirdim. Elə düşünürdüm ki, soyuq olub. Ağlıma da gəlmədi ki, Allah hər şeyimi alıb, Daşqınımı itirmişəm”.

-Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev-

“Bir müddət sonra qara xəbərini aldım. 

Heç nə gözümə görünmürdü. 

Gedib cənazəni gətirdim. 

Dünyam qaralmışdı. 

Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı. 

Arzularımız gözümüzdə qaldı. 

Kəlbəcər düşmən işğalından azad edildi, amma Daşqınım yoxdur".

Orxan Səfiyevin sözlərinə görə, sonradan Daşqınla birgə döyüşən əsgərlədən biri Daşqın haqqında danışanda deyirmiş ki; “sıralarımızda kəlbəcərli Daşqın vardı. Elə döyüşürdü ki, ermənilərin postunu təkbaşına təmizləmişdi. 

Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb gedirdi ermənin üzərinə. 

Sonra ağır silahla vurdular onu, dünyasını dəyişdi”.

"Mən bu sözləri eşidəndə qürur hissi ilə yanaşı, bir ağrı da yaşayırdım. Daşqınım həyatda yoxdur, təkəm", - deyə Orxan qeyd edir.

Hər zaman Daşqınla planlar quran Orxan ondan sonra necə yaşayacağını bilmir.

Daşqının şəhid olması Orxanın da həyatını alt-üst edib... 

İndi o, qardaşının xatirələri ilə təsəlli tapır...

.

İradə Cəlil, dikGAZETE.com

...