- 28-12-2023 17:22
- 963
Fransa kəşfiyyatı, agentura şəbəkəsi Azərbaycanda da fiaskoya uğrayıb… 'Persona-non-grata' bu ifşa davam edəcək…
BAKI, Azərbaycan
Bir neçə gün əvvəl Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Ona səfirliyin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
Yəni Fransa kəşfiyyatı digər ölkələrdə oduğu kimi Azərbaycanda da fiaskoya uğrayıb…
Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, hər bir dövlətin özünün kəşfiyyat və əks-kəşfiyyat strukturları var.
Bu qurumlar leqal və qeyri-leqal fəaliyyət göstərən qurumlardır.
Bəziləri səfirlik səviyyəsində, bəziləri də məxfi surətdə fəaliyyətlərini həyata keçirirlər.
-Arzu Nağıyev
Deputat qeyd edib ki, son vaxtlar Fransanın Azərbaycana, ümumiyyətlə Cənubi Qafqaza qarşı məkrli siyasət aparması və birtərəfli şəkildə Ermənistandan istifadə edərək, özünün siyasi və hərbi mövqeyni möhkəmlətmək üçün müxtəlif üsullara əl atması bir daha göstərir ki, Fransa kəşfiyatının məramı və məqsədi heç də dostluqdan irəli gəlmir.
İşğal altında olan torpaqlarımızdan vaxtı ilə talançı kimi istifadə edərək, iqtisadi və siyasi mövqeyni bərkitmişdi.
Mövcud proseslərdə, keçmiş imkanlarının hamısından məhrum olub. Bu səbəbdən yeni istiqamətdə müxtəlif siyasi addımlar atılır.
“Son vaxtlar kütləvi informasiya vasitələrində Fransanın kəşfiyyatı haqqında məlumatlar yayımlanır. Fransa kəşfiyyatı müxtəlif dövlətlərdə fiaskoya uğrayıb, hətta Fransa prezidentinin müvafiq sərəncamına uyğun olaraq, kəşfiyyatın rəhbəri işdən azad edilib və əvəzinə yeni nümayəndə təyin olunub.
Fransa səfirinin Xarici işlər Nazirliyinə dəvət edilməsi və ona nota verilərək, iki əməkdaşının 48 saat ərzində Azərbaycanı tərk etməsi ilə bağlı qarşısına qoyduğu şərt bir daha göstərir ki, onlar Azərbaycanda da özlərinin məkrli fəaliyyətindən əl çəkməyiblər.
Təbii ki, bu da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ortaya qoyulan sübutlar nəticəsində baş verə bilərdi.
Əməliyyat şəraitinə tam nəzarət edən xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasətinin də qarşısını almağa nail oldu”-deyən deputat bildirib ki, bu ifşa davam edəcək. Çünki Azərbaycanın öz daxili və xarici siyasəti var.
Azərbaycan heç kimdən asılı olan və yaxud kiminsə diqtəsi altında işləyən, fəaliyyət göstərən qurumlara malik dövlət deyil.
Arzu Nağıyev vurğulayıb ki, ilk Fransa deyil, bundan öncə də bir sıra dövlətlərin Azərbaycanda qurmaq istədiyi agentura şəbəkəsi ifşa olunub.
“Bu istiqamətdə də əməliyyat şəraitinə tam nəzarət olunur və bu iş davam etdiriləcək”-deyə deputat bildirib.
.
İradə Cəlil, dik GAZETE.com