- 22-03-2024 20:11
- 1305
Hiroşima, Naqasaki, Çernobıl... Nüvə silahlarından istifadə ilə bağlı mesajlar şantaj xarakterlidir
BAKI, Azərbaycan
Hərbi-texniki nöqteyi-nəzərdən Rusiya nüvə müharibəsinə hazırdır və əgər söhbət Rusiya dövlətinin mövcudluğundan gedirsə, nüvə silahından istifadə etməyə hazırdır.
Bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində deyib.
“Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Onlar (nüvə raketləri) daim döyüş hazırlığı vəziyyətindədirlər”, - Rusiya prezidenti bildirib.
O, həmçinin Ukraynada hərbi əməliyyatlarda taktiki nüvə silahından istifadəyə ehtiyac olmadığını vurğulayıb, lakin Rusiyanın hansı şəraitdə nüvə silahından istifadə edə biləcəyini qeyd edib.
“Bizim öz prinsiplərimiz var. Biz Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə xələl gətirilən vəziyyətdə sizin qeyd etdiyiniz silahlardan istifadə etməyə hazırıq. Bizim strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik”, - Putin deyib.
Daha əvvəl Kreml rəhbəri bildirib ki, Rusiyanın nüvə üçlüyü (quruda, dənizdə və havada nüvə silahı) digər ölkələrin triadalarından daha müasirdir.
Politoloq İlyas Hüseynzadə şərhində bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda nüvə təhdidləri və nüvə riskləri güclənməkdədir. Bu da uzun müddətdir ki, davam edir.
Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən əvvəl də Rusiyanın bir sıra rəsmiləri və ekspertləri bildirirdilər ki, əgər Rusiyanın strateji əhəmiyyət kəsb edən mövqelərinə zərbə endiriləcəksə və ya müəyyən təhlükə formalaşacaqsa, Rusiya nüvə arsenalına müraciət edəcək.
-İlyas Hüseynzadə
“Bu gün görürük ki, eyni ritorika, eyni mənzərə davam etdirilir. Rəsmi səviyyədə bildirilir ki, əgər nüvə müharibəsi olacaqsa, Rusiya buna hazırdır. Əlbəttə, nüvə müharibəsinə dair proqnozlar nə qədər çoxalırsa, bunun özü də müharibənin miqyasını və onun dağıdıcı gücünü bir qədər biruzə verir”-deyən politoloq hesab edir ki, nüvə arsenalına müraciət etmək ən pis, ən xoşagəlməz fəlakətlərə yol açan senaridir.
Eyni zamanda nüvə arsenalına müraciət etməmək üçün hələ diplomatik siyasi potensial və resurslar tam xərclənməyib.
Və nüvə müharibəsi ən son hədd, ən son çıxış yoludur. Biz hələ də Hiroşima və Naqasaki faciəsini ya dərk etmirik, ya da bundan bir nəticə çıxarmırıq. Eyni zamanda Çernobıl atom-elektrik stansiyasında baş verən partlayış və onun acı fəsadları bu gün də özünü aydın şəkildə nümayiş etdirir.
Ona görə də nüvə silahlarından istifadə ilə bağlı mesajlar şantaj xarakterlidir, hədə-qorxu mahiyyəti daşıyır.
Politoloqun fikrincə, bu arsenala müraciət etmək həm də bəşəriyyət üçün qlobal miqyasda böyük dağıdıcı nəticələrə gətirib çıxara bilər. Uzun illər planetimiz bu dağıntıların acı fəsadlarını yaşaya bilər.
“Bu gün müdriklik nümayiş etdirib, danışıqlar masasında bütün problemlərin həllinə çalışmaq lazımdır. Ziddiyətlərin aradan qaldırılması və onların həlli ən prioritet məsələ hesab olunur”-deyə İlyas Hüseynzadə bildirib.