- 26-04-2023 07:02
- 1699
BAKI, Azərbaycan
-Qara dənizdə kəşf edilən təbii qaz Türkiyənin ehtiyaclarını təmin edəcəkmi?
Türkiyənin Zonguldaq vilayətinin Filyos bölgəsində Qara dənizdə kəşf edilən təbii qazın quruya nəqli başlanılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə bir ay müddətində bütün evlərə qaz pulsuz veriləcək. Eyni zamanda mətbəxlərdə aylıq 25 kubmetr qaz və isti su istehlakı da bir il pulsuz olacaq.
Qeyd edək ki, Türkiyə Qara dənizdə təbii qazın kəşf edildiyini ilk dəfə 2020-ci ilin sonunda elan edib. Ərdoğan bölgədə aşkar edilən qazın həcminin 710 milyard kubmetrə çatdığını açıqlayıb.
Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) məlumatlarına görə, Türkiyə 2021-ci ildə təxminən 58,704 milyard m3 təbii qaz idxal edib.
Burada ən böyük miqdar Rusiyanın payına düşür ki, bu da 44,87 faiz edir. Sonrakı sıralarda İran, Azərbaycan və Əlcəzair gəlir.
EBTŞ-nın hər il dərc etdiyi son hesabata görə, Türkiyə 2021-ci ildə 59 milyard kubmetr təbii qaz istehlak edib. Ölkənin təbii qaz istehlakı 2020-ci illə müqayisədə 24 faiz artıb.
Mütəxəssislərin fikrincə, yerli təbii qazın istehsal maya dəyəri indiki şəraitdə idxal olunan təbii qazdan daha aşağı olacaq.
Aşkar edilmiş təbii qazın yüksək miqdarı və idxal olunan təbii qaza nisbətən daha ucuz olması Türkiyə üçün enerji strategiyası baxımından daha güclü edəcək.
-Türkiyədə qazın aşkar edilməsi, Azərbaycandan qaz idxalına təsir edəcəkmi?
İqtisadçı Pünhan Musayev bildirib ki, quyuların istismara verilməsi nəticəsində Türkiyənin günlük qaz hasilatı 10 milyon kubmetr, qarşıdakı illərdə 40 milyon kubmetrə çatacağı gözlənilir.
Onun sözlərinə görə, dünyada bu göstərici 4 trilyon kubmetrdir. Bu rəqəm Türkiyənin ümumi potensial ehtiyatlarından da çoxdur.
-Pünhan Musayev
İqtisadçı bildirib ki, dünya qaz bazarının həcmi Türkiyədəki göstərici ilə müqayisə olunmaz dərəcədə böyükdür.
“Daxili bazarda qazın pulsuz veriləcəyi də 1 aylıq seçki vədi olduğu üçün, Türkiyəyə satdığımız qaza əhəmiyyətli təsir edəcək amil deyil. Bu baxımdan, Türkiyə üzərindən hasilat və ixracın artmasının qaz qiymətlərində ciddi dəyişikliyə səbəb olacağı inandırıcı görünmür. Bu olsa olsa, bir sıra Şərqi Avropa ölkələrinə qaz ixrac edən bir qrup ölkə (biz də nəzərə alınmaqla) arasında rəqabətə səbəb olacaq”-deyən iqtisadçı hesab edir ki, Türkiyənin qaz potensialının artmasının Azərbaycanla bağlı xüsusi tərəfi, azərbaycanlı mütəxəssislərin oradakı işlərdə iştirakçılığı ilə bağlıdır.
“Düzdür, ötən il SOCAR bu istiqamətdə Türkiyədən olan həmkarları (TPAO) ilə müqavilə də imzalamışdı. Ancaq işlərin nəticəsinə dair mətbuat-mediada heç bir məlumata rast gəlmirik.
Ümumi mənzərə də qeyri-müəyyəndir. Bunu ölkənin tədiyə balansına baxdıqda da görmək olur. Ötən il xidmətlər balansı üzrə 1.3 milyard dollar kəsr yaranıb. Bu da o deməkdir ki, xaricilərin ölkəmizdə göstərdiyi xidmətlərin dəyəri bizim mütəxəssislərin xaricdə göstərdiyi xidmətləri üstələyib və ortaya bu fərq çıxıb. Əsas qəribəlik, bu fərqin yarıya qədərinin neft-qaz sektorunda qeydə alınmasındadır. Halbuki, dünya bizi neft-qaz ölkəsi kimi tanıyır”-deyə iqtisadçı vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsidir.
Bu səbəbdən də, harda bir quyu tapılır və oradan qaz çıxırsa, mütəxəssislərimizin də orda olması arzuolunandır.
Onun sözlərinə görə, zəlzələdə, yanğında olduğu kimi bu işlərdə də azərbaycanlı mütəxəssislər aktiv şəkildə iştirak etməlidir.
İqtisadçı hesab edir ki, bu eyni zamanda türk personajın Qarabağda aktivliyinə də adekvat olar.