- 04-07-2019 03:33
- 67
Sevgi ruhən olmalıdır.
İnsanın ruhunu ruhunla, qəlbinlə sevməlisən.
Yəni yanında olmayanda belə, gözlərini yumub onun hiss edə biləsən, görə biləsən.
Onun harda olmasının sənin üçün əhəmiyyəti olmamalıdır.
Onu hər zaman içində hiss etməlisən.
Hara getdin, kiminlə danışdın, nə etdinsə onun varlığını yanında hiss etməlisən.
Bütün düşüncələrində O olmaldır.
Onun xarici görünüşü, maddi vəziyyəti, sənin üçün etdikləri, edə biləcəkləri önəmli olmamalıdır.
İnsan bu həyatı bir dəfə yaşayır.
Sevəndə elə sevməlidir ki, onunla bir ömür keçirəcəyinə əmin olsun.
Sevgi keçici olmamalıdır, bitməməlidir, hər an dəyişməli, yenilənməlidir.
Sevgi bağışlamağı, güzəştə getməyi bacarmalıdır.
Sevgi dünəni, bu günü, sabahı düşünmədən onunla addım atmağa razı olmaq deməkdir.
Yaza-yaza, deyə-deyə sevgini o qədər adiləşdirdilər ki...
İndi nadir insanlar bu hissi yaşaya bilir. Yaşayanlara da zamanımızda xəstə kimi baxırlar.
Bir neçə gün öncə dostlarımdan biri Azərbaycan qadının bədbəxt olduğunu dedi.
Onun fikrincə, Azərbaycan qadını sevginin nə olduğunu bilmədiyi üçün bədbəxtdir.
O elə düşünürdü ki, Azərbaycan qadını sevgini maddiyyat, xarici görünüşlə dərk edir.
Əsl sevgi hissi Azərbaycan qadınından uzaqdır.
Dostum kişilərin daha çox sevdiyini və sədaqətli olduğunu da dedi.
"Mən sevərsəm, dağı-dağ üstə qoyaram, amma O qadın yoxdur",- deyə şikayətləndi də.
*
Hər bir kişinin ilk sevgilisi anası olur, ilk sevdiyi qadın.
Ana onun qayğısına qalır, nəvaziş göstərir, üzərində titrəyir. Bu sevgi ilə böyüyən kişi sevdiyi qadının da anası kimi olacağını düşünür.
Müxtəlif xəyallar qurur.
Həqiqi sevgini ailədən öyrənən kişi sevdiyi qadınlarda hər zaman anasını axtarır.
Nəvaziş, qayğı gözləyir.
İstəyir sevdiyi qadın üçün də anası üçün əziz olduğu qədər əziz olsun.
İstəyir ki, o qadından uzaq olsa belə, anasına arxayın olduğu qədər əmin olsun.
İstəyir ki, sevdiyinin yanında olmasa belə, o qadın onu yanında hiss etsin.
Ona dəyər versin, dəyişməsin, güzəştə getməyi bacarsın. Nə olursa-olsun, sevgisi bitməsin.
Hər zaman onun adı çəkiləndə ürəyi çırpınsın.
Necə ki, ana üçün övladın canı əziz olur, sevdiyi qadın üçün onun canı elə əziz olsun...
Kişi arzulayır, kişi xəyal qurur. Kişi istəyir ki, qadın onu olduğu kimi qəbul etsin, necə ki, anası qəbul edir.
Amma bu, sadəcə arzu olaraq qalır çox zaman.
Çünki heç bir qadın ana kimi ola bilmir.
Heç bir qadın kişini anası sevdiyi kimi sevə bilmir.
Kişi sevə bilsə də, o qadında arzu etdiklərini görə bilmir. Xəyal qırıqlığına uğrayır.
*
Çünki qadınların eqosu, "mən" duyğusu var.
Bir balaca qarşısındakı insandan soyuqluq görən kimi geri addım atırlar, onu deyil, özlərini düşünməyə başlayırlar.
İstədikləri hissi ala bilməyəndə, başqasına can atırlar.
Maddi istəkləri ödənməyəndə sevgi atılır sonuncu sıraya. Bu gün çox qadınlar belə düşünür.
Mən bu günün kişilərində günah görmürəm, günahkar qadınlardır deyə bilərəm.
Bu gün qadınlar kişiyə arzuladığı sevgini verə bilmir.
Bu səbəbdən kişilər daim axtarışdadır, daim O Qadını axtarırlar.
Onları təmənnasız sevə bilən, dəyər verən, ucaldıb baş tacı edə bilən qadını…
*
Mən öz duyğularımın dili ilə danışıram, düşünürəm ki, sadəcə sevmək lazımdır.
Düzdür, bizim də hisslərimiz, istəklərimiz var.
Hər taxta parçasını da sevə bilmərik. Sevgidə qarşılıq görməliyik ki, bütün həyatımızı ona bağlaya bilək.
Amma bəzən olur ki, özünü düşünmədən sadəcə Onu düşünə bilirsən.
Yanında olmasa belə, ona aid olduğunu hiss edə bilirsən.
Ona olan sevgi sənə güc verir, Onun üçün yaşadığını, Onunla nəfəs aldığını düşünürsən.
O, sənin arzuladığın, daim xəyalı ilə yaşadığın sevgi olur.
Onu qorumağa, eqonu bacardığın qədər basdırmağa çalışırsan.
Özünü unudub, O olursan.
Sözləri qanun olur, varlığı and yerinə çevrilir.
Sevirsən, bu zamanın sevgisi ilə deyil, İlahi sevgi ilə…
.
İradə Cəlil, dikGAZETE.com
Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete