Psixosomatika: Ruhun bədənə toxunuşu

Psixosomatika: Ruhun bədənə toxunuşu

Psixosomatika: Ruhun bədənə toxunuşu

BAKI, Azərbaycan

Bədənruh… bir-birinə bağlı iki aləm. Onların münasibəti elə bir rəqs kimidir ki, hər bir not və hər bir addım bir ahəngdədir. Psixosomatika da bu sehrli rəqsi anlamağa çalışır – ruhumuzun bədənimizə necə toxunduğunu, emosiyalarımızın damarlarımızda necə axdığını və düşüncələrimizin ürəyimizin ritmini necə dəyişdirdiyini öyrənir.

Bəzən həyat bizə dərindən nəfəs almağa imkan vermir, qəlbimizi sıxır, düşüncələrimizi dumanlı bir gecə kimi bulanıq edir. Stres, narahatlıqqorxular ruhumuzun qanadlarını ağırlaşdırır. Amma bu ağırlıq təkcə ruhumuzda qalmır; o, bədənimizin hər bir guşəsinə toxunur, bizimlə nəfəs alır, bizimlə ağırlaşır. Uzun müddət davam edən stresin ürəyimizdə dərin izlər buraxması, bədənimizin dilində baş ağrıları, ürək döyüntüləri və ya mədə-bağırsaq sancıları ilə danışması heç də təsadüf deyil.

Psixosomatika bizə bu sualı verir: “Bədəniniz nə demək istəyir?” Əslində, bədənimiz ruhumuzun danışdığı dillə danışır. Çünki qəlbimizdə baş verən hər şey, gec-tez bədənimizdə də əks olunur. Həyatın bizə gətirdiyi gözəlliklərə sevinməyən, göz yaşlarımızı sıxıb saxlayan bir ruh, bədəndə yorğunluq, sancışikayətlərə səbəb olur. Ruhumuzun tükəndiyi yerdə bədən də kövrəlir.

Bədənimiz bizə hər zaman eşidilmək istəyən bir sevgi məktubu göndərir. Baş ağrısı, ürək çırpıntıları, yorğun əzələlər… bunlar bizə “Dincəl!” və ya “Özünə vaxt ayır!” deyən səslərdir. Lakin çox vaxt bu məktubları görməzdən gəlirik, ruhumuzun və bədənimizin ehtiyaclarını dinləməyə gecikirik.

Psixosomatika bizi ruhumuzun dərindən başa düşülməsinə çağırır. Düşünün ki, bədənruh bir cüt sevgilidir – birinin əzabı o birinin ürəyinə toxunur. Əgər ruhumuz sükunət tapmazsa, bədən də dinclik tapa bilməz. Elə bu səbəbdən, fiziki sağlamlıqla psixoloji rifah arasında incə və qırılmaz bir bağ mövcuddur.

Stressli bir həyatın fırtınası içində ruhumuza sığınacaq tapmaq bəzən çətin görünə bilər. Lakin qəlbimizi sakitləşdirən, bizi anlayan və özümüzə güzgü tutan bir yanaşma mövcuddur – psixoterapiya. Psixoterapiya, ruhumuzun yaralarını sevməyi, bədənimizin bizə dediklərini dinləməyi öyrədir. Bu, insanın özü ilə qurduğu ən səmimi və gözəl dialoqdur.

Koqnitiv-davranış terapiyası kimi yanaşmalar, bədənruh arasında körpülər qurur, bizi öz daxili harmoniya mərkəzimizə yaxınlaşdırır. Həyat tərzimizi yaxşılaşdırmaq – bir az daha sakit nəfəs almaq, sağlam qidalanmaq, sevdiyimiz insanlara yaxın olmaq – bədənimiziruhumuzu sevindirmək üçün ən gözəl yoldur.

Unutmayaq ki, hər birimiz ruhumuzla bədənimizin rəqsində öz melodiyamızı tapmalıyıq. Bu melodiya sükutla, sevgi ilə və özümüzə diqqət yetirməklə yaranır. Sağlam həyat tərzi – təkcə sağlam bədən deyil, həm də xoşbəxt ruh deməkdir.

Bədənimizəruhumuza olan sevgi, həyatımızın ən dəyərli melodiyasını yazmağa kömək edir. Bu melodiyanı qoruyub saxlamaq isə hər birimizin öhdəsinə düşür.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-

Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİMPsixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə bilərlər və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər.

 

 

...