BAKI, Azərbaycan – ANKARA, Türkiyə
Bu il mayın 10-da ümummilli lider Azərbaycan dövlətinin siyasi və dövlət xadimi Heydər Əliyevin 100 iliyi tamam olur.
Bu səbəbdən də ötən il ölkə prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə bu il “Heydər Əliyev” ili elan edilib.
Bu il təkcə Azərbaycanda deyil, o cümlədən Türkiyədə də, ümummilli liderin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
Heydər Əliyev xatırlanır, onun siyasətindən söz açılır, 100 illiyinə həsr edilmiş konsert proqramları keçirilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, ümummilli Liderin əbədi həyatı, ölməz irsi, tarixi xidmətləri hər an, hər saat, hər gün xatırlanır və Azərbaycan xalqı öz xilaskarını, əbədiyaşar oğlunu məhəbbətlə anır, onun xatirəsini uca tutur, vəsiyyətlərinə sədaqətlə əməl edir, adını və əməllərini əbədiləşdirir.
-Tahir Rzayev
“Nəinki 2023-cü il Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və xidmətləri sayəsində uğurlu gələn, xalqımıza şan-şöhrət, bərəkət gətirən bütün illər unudulmaz, ürəklərdə yaşayan tarixdir.
1969-cu ildən başlanan mübarizə, zəfər timsallı, Heydər Əliyev ideyaları ilə işıqlandıran və cənab İlham Əliyev tərəfindən daha da nurlandırılan istiqlaliyyət, qələbə, inkişaf, tərəqqi illərinin hər biri Heydər Əliyev ilidir.
Bu illər keşməkeşli, mənalı və uzunömürlüdür, qərinələrə, əsrlərə hesablanmışdır.
Müqəddəs amalların, əməllərin, mübarizələrin, uğurların yol yoldaşı, Azərbaycan tarixinin qızıl səhifələridir”-deyən deputata bildirib ki, Heydər Əliyevlə bağlı olan bu səhifələrin hər sətrində, hər cümləsində yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün əziz olan bir dahinin, siyasətçinin, görkəmli ictimai-dövlət xadiminin əbədiləşən, həm də canlı olan obrazı vardır.
“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz duyğularını belə ifadə edir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi ona məxsusdur”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə deyir: “Heydər Əliyevin miqyası Azərbaycanın hüdudlarından kənara çıxmışdır. O, çox inanılmış, ağıllı, dəqiq, bacarıqlı rəhbər, əsl siyasətçi idi. Açıq deyim, Azərbaycanın bəxti gətirmişdir ki, dövlətinin başında Avropa və dünya miqyasında tanınan bir siyasətçi dururdu. O, bir tərəfdən beynəlmiləlçi, digər tərəfdən isə öz yurdunun vətənpərvəri idi”.
Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buşun “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Fransa Respublikasının sabiq Prezidenti Jak Şerakın “Bu qeyri - adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxartmışdır”,
Ukrayna Respublikasının sabiq Prezidenti Leonid Kuçmanın “Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi” ifadələri, eləcə də minlərlə siyasətçilərin, dövlət xadimlərinin, insanların Ulu öndərimiz haqqında söylədikləri fikirlər qürurvericidir, xalqımızın başucalığıdır, dahi rəhbərimizə sonsuz məhəbbətin və hörmətin nümunəsidir”-deyə deputat vurğulayıb.
P.S.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, müstəqil Azərbaycan addım-addım inkişaf yoluna qədəm qoydu. Onun siyasətinin nəticəsində Azərbaycan ordusu inkişaf etdi, formalaşdı.
Bu gün onun siyasi yolunun davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu qələbə çalaraq, 30 illik işğala, 30 illlik işgəncəyə son qoydu. Artıq qalib ölkənin vətəndaşlarıyıq.
Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, “Böyük Qayıdış” proqramı sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş torpaqlar bərpa edilir, yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız torpaqalrına qayıdır.
Bu gün əvvəllər Azərbaycanın adı, müharibə şəraiti ilə bağlı vəziyyətinə göz yuman dövlətlər Azərbaycanla hesablaşmağa, Azərbaycana yaxın olmağa çalışır. Bu, Heydər Əliyevin də arzusu idi...