?>

Mən qız anası olmaq istəmirəm!..

İradə Cəlil

6 yıl önce

Heç bir zaman "bir qızım olsun" deyə arzulamadım. İstəmədim, bir qızım olsun, saçlarını öpüb oxşayım, qoxusunu içimə çəkim. Dəcəlliklərinə göz yumum, bağrıma basım. Qarşıma çay gətirsin, həvəslə yemək bilşirməyi öyrənsin, düşüncələrini mənimlə paylaşsın, ağlayanda göz yaşımı silsin, dostum olsun, sirdaşım olsun.
Heç bir zaman "bir qızım olsun" ndeyə arzulamadım. Sevmədim qız uşaqlarını. Sevmədim çünki…
Bir Bakı kəndində doğuldum. "Qızsan, bunu geyinmə, evdən çıxma, qızsan, bəsdir oxudun, qızsan, adına söz deyəcəklər… Qızsan, 23 yaşın var, evdə qaldın, qızsan, oğlan dostun olmamalıdır… Qızsan, ucadan gülmə, qızsan, səsin çıxmasın" qadağasının hakim olduğu bir mühitdə…

Hər addımımda qız olduğum başıma vuruldu. İlk sevgim oldu, "qızsan, ayıbdır, qız hara, sevmək hara?" dedilər. Təhsil almağa can atdım, "filankəsin qızı şəhərə çıxır, küçə qızıdır" deyəcəklər dedilər. Ən böyük arzum yazmaq idi, işləməyə başladım "filankəsin qızı jurnalistdir – yaxşı deyil" dedilər. Qız olmağıma o qədər nifrət etdim ki, heç bir zaman "bir qızım olsun" deyə arzulamadım…
Ailə qurdum, "qadınsan, qadın işləməz", "qadınsan, səsin çıxmasın", "qadınsan, başını aşağı sal, uşağını doğ, kişi söhbətinə qarışma" dedilər. Qadınsan, kasıblığa döz, qadınsan, uşaqlarının aclığına döz, qadınsan, yola ver, qadınsan, idarə et, qadınsan… döyül, söyül, əskil, amma dinmə.
Boşandım. "Boşanmış qadınsan, bir az uzun geyin", "boşanmış qadınsan, evə tez gəl", "boşanmış qadınsan, yolu açıldı deyəcəklər", "boşanmış qadınsan, kişilərlə danışma" dedirlər.
Boşanmış qadınsan, deməli gəzirsən, boşanmış qadınsan, nəyin varsa, deməli kimsə alıb, boşanmış qadınsan, uğurun varsa, deməli kiminsə sayəsindədir…
Boşanmış qadınsan, əxlaqsızsan, boşanmış qadınsan, sevə bilməzsən, boşanmış qadınsan, kiminsə ikincisi ola bilərsən…
Boşanmış qadınsan, iki də övladın var, heç kimlə münasibət qurma, uşaqlaırna deməsinlər ki, anan fahişədir…
Boşanmış qadınsan, uşaqların üçün tənə yerisən, boşanmış qadınsan, uşaqların böyüyəndə sənə nifrət edəcəklər…
Boşanmış qadınsan, səsini içinə sal, deməsinlər ki, sən də varsan…
Bəli, heç bir zaman "bir qızım olsun deyə arzulamadım". Sevmədim qız uşaqlarını. Tənha qaldım, tək qaldım, intiharın bir addımlığında dayandım qadınam deyə…
Arzulamadım bir qızım olsun, saçlarını oxşayıb, qoxusunu içimə çəkəcəyim bir qızım olsun istəmədim. Qızam deyə, qadınam deyə əzildim, döyüldüm, söyüldüm, tək buraxıldım, əxlaqsız kimi baxıldım, dəyərsiz oldum.
İstəmədim, bir qızım olsun, şükür etdim hər gün Allahıma ki, mənə bir qız övladı vermədi. Mən bir qız anası olmadım deyə şükür etdim səhər-axşam. Çünki Allahım məni böyük bir dərddən azad etdi. Döyülən, söyülən, əzilən, tapdanan, əxlaqsız kimi baxılan, günahlı-günahsız öldürülən bir qız anası olmadığım üçün şükür etdim…
Və mən heç bir zaman "bir qızım olsun" deyə arzulamadım.
Saçlarını oxşayıb qoxusunu içimə çəkəcəyim bir qız. Qara saçlı, özümə bənzəyən, iri gözləri olan, dilindən bal tökülən bir qızım olsun istəmədim.
Şükür ki, mən qız anası deyiləm!!!

.

İradə Cəlil, dikGAZETE.com

Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete

YAZARIN DİĞER YAZILARI