BAKI, Azərbaycan
"İran hakimiyyəti zəlzələdən zərər çəkən Azərbaycan əsilli insanlara laqeyd yanaşır"
“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməmişdən öncə, Azərbaycan dəfələrlə İrana Azərbaycan səfirliyinə qarşı təhdid xarakterli bəyanatlar səsləndirildiyinə dair xəbərdarlıq etmişdi. Bu bəyanatlar sadə insanlar tərəfindən deyil, SEPAH adlı İran təşkilatının polkovniki tərəfindən səsləndirilirdi.
Çox təəssüf olsun ki, İran həm daxili, həm beynəlxalq hüquqla üzərinə düşən öhdəliyə, diplomatik korpusumuzun mükəlləf məsuliyyəti ilə bağlı öhdəliyə əməl etmədi.
Azərbaycan səfirlyinə qarşı terror hadisəsi törədildi və şəhid verdik. Bundan sonra Azərbaycan çətin və məsuliyyətli bir qərar qəbul etdi.
Tarixdə ilk dəfə münasibətlərimiz belə kritik səviyyəyə gəlib çıxdı. Azərbaycan səfirliyinin bütün nümayəndələri təxliyyə edildi və səfirlik fəaliyyətini dayandırdı.
Təbriz şəhərində isə konsulluq hələ fəaliyyətini davam etdirir”.
Bu barədə Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İran-Azərbaycan münasibətlərinin sonrakı mərhələsi haqqında danışarkən bildirib.
-Xəyal Bəşirov
Politoloqun fikrincə, konsulluğun fəaliyyətini davam etdirməsi, heç də təhülkəsizliyin təmin edilməsi ilə bağlı İrana göstərilən etimaddan irəli gəlmir.
Azərbaycanın İrana heç bir etimadı yoxdur. Səfirliyə qarşı terror törədən, konsulluğa qarşı da törədə bilər.
“Amma burada məkan fərqi var. Təbriz Azərbaycanın qədim şəhərlərindən biridir. Nəzərə almaq lazımdır ki, İran ərazisində 10 milyonlarla azərbaycanlı yaşayır. Təbriz şəhəri tam olaraq azərbaycanlılardan ibarətdir”,- deyən X. Bəşirov qeyd edib ki, səfirlikdə fəaliyyət göstərən əməkdaşlarımızın taleyi qədər İranda yaşayan soydaşlarımızın da taleyi bizi narahat edir.
Politoloq vurğulayıb ki, İranda zəlzələ baş verib. Amma İran hakimiyyəti həmişə olduğu kimi yenə də ikili standartlardan yanaşır.
Oradakı digər etnik xalqların nümayəndələrinə qarşı tədbirlər görülsə də, Azərbaycan əsilli insanlara, laqeydlik və etinasızlıq nümayiş etdirilir.
Azərbaycanda səfirliyinə qarşı törədilən bu terror aktında İranın məqsədi həm Azərbaycanın, həm də digər ölkələrin diplomatik korpuslarının İrandan çıxarılmasını sürətləndirməkdir.
Bu addımı atmaqla İran ölkə daxilində olan ixtişaşların yatırılması məqsədilə həyata keçirilən prosseslərin ölkədən çıxmamasına çalışır.
“Ümid edək ki, İran Azərbaycanla münasibətlərinin tam şəkildə korlanmaması və birdəfəlik pozulmaması üçün əlindən gələni edəcək.
Bu çərçivədə baş verən terror hadisənin ədalətli, şəffaf, hüquqa uyğun şəkildə araşdırılması və burada Azərbaycanın peşəkar hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı təmin edilməlidir.
Əks təqdirdə biz İranın verdiyi bəyanatalra inanmaq mərhələsini çoxdan arxada qoymuşuq”.
Ekspertin sözlərinə görə, bundan sonra Azərbaycan İran münasibətləri İranın atacağı addımlardan asılıdır.
Yəni İran elə addım ata bilər ki, Azərbaycan konsulluğu da bağlamaq məcburiyyətində qalar.
“Amma Azərbaycanın Təbrizdəki konsulluğu bağlansa belə, yenə Azərbaycan İranda yaşayan milyonlarla azərbaycanlının taleyi ilə maraqlanacaq, onların hüquqlarının müdafiəsi ilə bağlı ayrı-ayrı beynəlxalq dairələrdə məsələlər qaldıracaq”- deyə politoloq vurğulayıb.