Azərbaycanda əhali təhsildən daha çox qida, içki və tütünə pul xərcləyir
BAKI, Azərbaycan
Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərclərin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı digər mallarının alınmasına sərf olunub.
İlk 2 ayda vətəndaşlar içkilər və tütün məmulatlarının alınmasına 440,4 milyon manat xərcləyiblər.
Vətəndaşlar tərəfindən içki və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir.
Təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, Azərbaycanda əhali təhsildən daha çox qidaya pul xərcləyir.
-İlham Əhmədov
“Təbii ki, qida həyat üçün mühüm şərtidir. İnsanlar ailəsini, uşaqlarını dolandırmalıdır. Amma insanların ailə büdcəsinin böyük hissəsini qidaya xərcləməsi normal hal deyil. İnsan tək mədəsi ilə tox olmaz. İnsanın mənəvi toxluğu da lazımdır. Bu da əlavə xərc tələb edir. Amma belə imkan, çox ailələrdə yoxdur.
Biz 5 il əvvəl əhalinin qidaya xərclədiyi pulla, bu ilin iki ayı ərzində xərclədiyi pulu müqayisə etsək, görərik ki, əhali ərzağa bu il daha çox pul xərcləyib. Çünki qiymətlər durmadan qalxır. Qidaya çox pul xərclənməsi o demək deyil ki, əhali çox firavan yaşayır, hamının evində gündə qazan qaynayır. Bu, minimum istehlak səbətinin bahalaşmasını göstərir. Əhalinin maddi durumu qiymət qalxması, işsizlik, maaşların azlığı ilə bağlı yüksək səviyyədə deyil. Bunu hamı görür və hiss edir.
İçkilərə gəldikdə, müəyyən təbəqə insanlar var ki, onlar bahalı içkilər içirlər, bahalığın onlara təsiri olmur. Litri 1000-2000 manata olan içkilər içənlər də var (şanpanski, viski və s.), kommunal xərcini ödəyə bilməyənlər də. Amma 1000 manatlıq içki içənlərin, heç biri bu gəlirin rəsmi deklarasiyasını verir. Belə “istehlakçı”ların hesabına statistika real olmayan məlumat verir.
- Əhalinin kasıb hissəsi (belələri xeylidir) qidalanma problemini həll edə bilmirsə, spirtli içməyə də spirtli içkiyə necə pul sərf edə bilər?
5 il əvvəllə müqayisə etsək, o zaman əhalinin durumu daha yaxşı idi. Həm maddi durumu, həm də bazarda qiymətlər daha uyğun idi.
Əhali bütün gəlirlərini ərzağa və kommunal xidmətlərə xərcləyirsə, deməli, əhalinin dolanışığı aşağı səviyyədədir. Yəni bu ailələr orta təbəqə deyil. Orta təbəqə maddi tələbatını ödədikdən sonra, onun ehtiyatında müəyyən məbləğdə pul qalmalıdır” (istirahət, müalicə, əmlak almaq və s. xərclər) - deyə İlham Əhmədov qeyd edib.
- Elmə niyə pul az pul xərcləyirik?
Ekspert bildirib ki, vətəndaş elmə pul xərcləmir. Elm dövlətin strateji marağındadır, vətəndaşın yox. Elmə dövlət pul xərcləməlidir. Dövlət də elmə çox az pul xərcləyir. Bizim strateji proqramlarda qeyd olunur ki, elmə sərf edilən xərclər gələcəkdə ÜDM-in 0,1%-ə çatdırılsın. Bu az məbləğdir dünyada bu rəqəm 3-4-5 % civarındadır. Biz 30 ildir elmə ÜDM-in 0,1-0,2 % həcmində pul xərcləyirik.
“Akademiya çox “əridi”. AMEA-dan cüzi bir hissə qalıb: humanitar və ictimai elmlər bölməsi. Əsas elmi tədqiqat institutları Elm və Təhsil Nazirliyinə, konkret universitetlərə birləşdirilib. Amma büdcələrində çox az artım olub.
Elm və Təhsil naziri bu yaxınlarda AMEA-da çıxışı zamanı deyib ki, "universitetlərdə elmin inkişafına 8 milyon manat vəsait ayırmaq istəyirik". Amma şərt qoyur ki, universitetlər bu pulu ya elmin inkişafına, ya da ikili diplom proqramlarının inkişafına xərcləməlidir.
Ölkədə 50-dən çox ali təhsil müəssəsi var. Bu ali məktəblər arasında 8 milyonu böləndə, hər ali məktəbə 200 min manatdan da az məbləğ düşür. Bu da olduqca az məbləğdir. 15 il əvvəl ali məktəblərdə elmə 2 milyon manat ayrılırdı. İnflyasiyanı nəzərə alsaq, elmə ayrılan pulda demək olar ki, fərq yoxdur. 15 ildə universitetlərə hər il 2 milyon ayırmaqla, elm tənəzzül etdi. Uzun illər ərzində elmdə olan durğunluqdan sonra indi 8 milyon ayırmaqla heç bir real inkişaf nəticəsi verə bilməz.
Müqayisə üçün deyim ki, ABŞ universitetlərində elə elmi laboratoriyalar var ki, onun illik büdcəsi 150 milyon dollardır. Biz isə ölkənin bütünlükdə elm sektoruna 80 milyon dollardan az pul ayırırıq. Bu məbləğ uzun müddət maliyyələşməyən elm sektoru üçün çox azdır.
Bizim universitetlərin elmi jurnallar çap etməyə, beynəlxalq konfranslar keçirməyə, əməkdaşlarını xarici ölkələrdəki konfranslara yollamağa ezamiyyə pulu yoxdur. Elmi jurnallarını hələ də müəlliflərdən yığılan pullar hesabına çap edirlər”-deyə ekspert bildirib.
İlham Əhmədov qeyd edib ki, dövlət qurumlarının və özəl sektorun sanki, elmə ehtiyacı yoxdur.
“Onlar elmi qurumlara demək olar ki, sifariş vermirlər, dəstəkləmirlər, sponsorluq etmirlər. Onların cəmiyyət qarşısında Korporativ Sosial Məsuliyyət öhdəliyi yoxdurmu? Təbii ki, rəqabət olan mühitdə elmə, innovasiyalara ehtiyac var. Əgər bazarda rəqabət yoxdursa, elmə innovasiya tələbat da yoxdur. Ona görə də şirkətlər elmə pul qoymurlar.
Əhalinin təhsil xərcləri elmə nəzərən daha yüksəkdir. Amma bəzi təhsil xərcləri rəsmi statistikada görünmür. Çünki əhalinin təhsilə xərclədiyi pullar “kölgə təhsili”nə sərf edilir. Əgər ailədə yuxarı sinif şagirdi olan iki uşaq repititor yanına gedirsə, ailə 2 uşağa ayda ortalama 1000 manat pul xərcləyir.
Deməli, iki uşağı olan ailə ən azı iki il ayda 1000 manat repititorlara pul xərcləyir. Nəzərə alsaq ki, artıq birinci, ikinci sinifdən repetitora bu vəsait xərclənir. Bu da artıq 2 il yox, 11 il davam edir. Düzdür, aşağı siniflərdə bu məbləğ 500 manat deyil, 100 və ya 150 manatdır. Amma yuxarı siniflərdə bu repititorluq sistemlidir, ailə büdcəsinə də ciddi zərbədir.
Bu qeyd olunanlar heç bir statistikada nəzərə alınmır. Daha sonra ingilis dili müəllimi, kompüter müəllimi və s. əlavə xərclər də olur. Bu xərclər qeyri-rəsmi (kölgə təhsili xidmətləri) kimi diqqətdən kənar qalır. Ümumən təhsildə, “kölgə təhsili xidmətlərinin illik dövriyyəsi 100 milyonlarla manat həcmindədir. Burada hamının marağı var. Ona görə də təhsil məmurları repetitorluğu 25 ildir ki, himayə edir.
Onlar bunu təhsilin keyfiyyətinə görə yox, maddi marağa görə edirlər. Onlara təhsilin keyfiyyəti lazım olsaydı, bu prosesi normal məktəb təhsili şəraitində, pulsuz olaraq icra edərdilər. Axı, onlar da buna görə maaş alır, dövlət büdcəsini sərf edirlər.
Bu gün nəinki şagirdlər, hətta ali təhsilli insanlar da repetitorların xidmətlərindən istifadə edirlər. Bu insanlar MİQ, DİQ, sertifikasiya imtahanlarına hazırlaşanlardır. Bütün bu pulların dövriyyəsi az məbləğ deyil, bunlar statistikada əks etdirilmir”-deyə İlham Əhmədov əlavə edib.