BAKI, Azərbaycan
-Müstəmləkəçi Fransada nə baş verir?
“Qoşulmama hərəkatının növbəti görüşünün Bakıda keçirilməsi və bu görüşdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çıxışının dünyada geniş əks səda yaratması təbiidir.
Çünki belə möhtəşəm beynəlxalq bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə qazandığı nüfuzun göstərici olmaqla yanaşı, prezidentin çıxışında dünyada baş verən hadisələrə real qiymət verməsi, bu tədbirin əhəmiyyətini bir daha artırıb.
Təbii ki, dünya ölkələri tərəfindən ictimaiyyət tərəfindən çox böyük rəğbətlə qarşılanıb.
Cənab İlham Əliyev çıxışında dünya ölkələrinin xüsusilə də Fransanın dünyada gedən proseslərə müdaxiləsini və bu dövlətin məkrli siyasətini bir daha ortaya qoydu və bunu aydın əyani faktlarla sübut etdi. Çünki Fransa dövləti tarixdə bir müstəmləkəçi ölkə olaraq tanınmışdır.
Bu gün də bu siyasəti davam etdirir. İstər Afrikada istər Asiya ölkələrində Fransanın tutduğu mövqe və dünya xalqlarına, dövlətlərinə qarşı yürütdüyü məkrli siyasət həmin ölkələrin xalqlarına və ictimaiyyətinə yaxşı tanışdır”.
Bu barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Fransa dövləti, onun bir çox rəhbərləri daimi olaraq, bu məkrli siyasəti demokratiya, insan hüquqları və azadlıqları pərdəsi altında həyata keçirmiş və 10 milyonlarla insanın əzab-əziyyət çəkməsinə, həlak olmasına imkan yaratmışlar.
Bu gün də bu məkrli siyasət, dövlətin rəhbəri Emmanuel Makron tərəfindən çox açıq və eybəcər şəkildə həyata keçirilir.
Makron öz ölkəsində ictimai-siyasi sabitliyi bərpa edə bilmədiyi, dövlətə rəhbərliyi ələ almadığı halda bu gün Azərbaycan kimi demokratik, inkişaf edən, dünyada sülhün əmin amanlığın tərəfdarı kimi çıxış edən bir dövlətə qarşı özünün çirkin məqsədlərini həyata keçirmək niyyətindədir.
-Tahir Rzayev
“Bu dövlət uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərdi və bu dövrdə bir dəfə də olsun Azərbaycanın Ermənistan təcavüzünə məruz qaldığını dilə gətirmədi.
Əksinə Makron başda olmaqla ölkənin siyasi dairələri, parlamentin bir çox üzvləri daimi olaraq, Azərbaycan əleyhinə bəyənatlar səsləndirdilər, müəyyən sənədlər qəbul etdilər və Ermənistana öz dəstəklərini verdilər.
Ancaq təəssüflər olsun ki, müharibədə Azərbaycan qalib gəldikdən sonra və bütün dünya Azərbaycanın haqlı mövqeyini təsdiq etdiyi dövrlərdə də Fransa yenə də öz anti-Azərbaycan təbliğatından, mövqeyində çəkinmədi.
Bu mövqe hər gün davam etdirilir və Fransa dövləti Fransanın rəhbəri Ermənistana maddi-mənəvi və hərbi baxımdan köməyini davam etdirməkdədir”-deyə deputat vurğulayıb.
Tahir Rzayev hesab edir ki, Azərbaycan prezidenti düzgün olaraq, bu mövqeyə kəskin münasibətini bildirməli idi və bunu da etdi.
İlk dəfə deyildi ki, öz çıxışlarında Fransanın anti-Azərbaycan mövqeyini tənqid edir, eləcə də bu dövlətin, onun prezidentinin bəşəriyyətə zidd fikirlərini, hərəkətlərını gündəmə gətirir.
“Qoşulmama hərəkatı BMT-dən sonra dünyanın ən böyük təşkilatlarından biridir və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu hərəkata sədrlik etdiyi dövrdə hərəkatın nüfuzu qat-qat artıb və o dünyada baş verən hadisələrə müdaxilə etməklə, öz münasibətini bildirməklə pandemiya dövründə dünya xalqlarını, dünya dövlətlərini bu bəladan qurtarmaq üçün həyata keçirdiyi təşəbbüslərlə öz mövqeyini ortaya qoyaraq, dünya ictimaiyyətinin böyük rəğbətini qazandı.
Cənab İlham Əliyev hərəkata sədirlik etdiyi dövrdə Azərbaycan xalqının mövqeyini, Azərbaycan xalqının bəşəri duyğularını dünyaya çatdırmaqla yanaşı təşkilatın nüfuzunun yüksəldilməsi üçün demək olar ki, əlindən gələni əsirgəməmişdir.
Elə buna görə də onun bu təşkilatla bağlı səsləndirdiyi fikirlər bir örnək kimi, bir nümunə kimi qəbul olunur. Bu dəfə də onun dünyada Fransa kimi ölkələrin yürütdüyü siyasətə kəskin münasibət bildirməsi dünya xalqlarının, dövlətlərinin ürəyincədir. Onlar bu mövqeyi çox ciddi qiymətləndirirlər”-deyə deputat Tahir Rzayev qeyd edib.
Makron bir çox çıxışlarında belə bir fikir ifadə edir ki, güya o Azərbaycan prezidentinə müəyyən təsir gücünə malikdir və bu mövqe də ondan qaynaqlanır.
Deputatın fikrincə, Azərbaycan prezidenti müdrükdür, siyasətdə təkdir. Bu gün dünyada öz mövqeyi, öz baxışları və öz bəşəri fikirləri olan bir prezident kimi seçilir.
“Makron kimilərinin İlham Əliyevə təsir etmək, onu tutduğu yoldan qaytarmaq imkanları çox məhduddur. O, buna qadir ola bilməz. Çünki bu insan, bu rəhbər erməni lobbisinin əlində bir oyuncaqdır. Və öz dövlətini, fransızları uçuruma aparır. Uzun illər Fransada yürüdülən islamofobiya, Türk xalqlarına qarşı kəskin nifrət Makronun hakimiyyəti dövründə özünün ən yüksək zirvəsinə çatıb.
Bu gün Fransada baş verən hadisələr, orada qeyri millətlərin nümayəndələrinin öldürülməsi, qətlə yetirilməsi və müsəlman dünyasına, Türk dünyasına qarşı yürüdülən siyasət bir daha göstərir ki, bu dövlət özünün tutduğu çirkin yoldan dönməyib.
Dünyada demokratiyanın, azadlığın və insan haqlarının tərəfdarı yox, müharibələrin iğtişaşların və münaqişələrin tərəfindədir.
Bu davranış Azərbaycana münasibətdə də uzun illərdir ki, özünü göstərir. Təcavüzkar, terrorçu Ermənistanın daim müdafiə edilməsi buna canlı sübutdur.”
“Cənab İlham Əliyevi tutduğu haqq ədalət yolundan heç kim, heç bir qüvvə döndərə bilməz. O, bunu dəfələrlə qeyd edib və Qoşulmama hərəkatının son toplantısında bunu bir daha bildirdi.
Qətiyyətlə qeyd etdi ki, o, sülhün tərəfdarıdır. O, insanlığın tərəfdarıdır. O, dünyada xalqların və dövlətlərin təhlükəsizliyinin, müstəqilliyinin tərəfdarıdır. Bunun üçün də daimi mübarizə aparacaq və aparmaqdadır”-deyə deputat əlavə edib.