İran Ermənistanla münasibəti korlamaq istəmir… Azərbaycan öz yolu ilə gedir
BAKI, Azərbaycan
“Bu ilin yanvar ayında Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı təşkil olunmuşdu. Bu hadisədən sonra Azərbaycan da haqlı olaraq, öz səfirliyinin əməkdaşlarını geri çağırmış və təxliyə etmişdi. Bu hadisə İran dövlətinin Vyana konvensiyasına əməl etməməsinə görə baş vermişdi. Çünki səfirliyin təhlükəsizliyi ən yüksək səviyyədə qorunmalıdır.
Vyana konvensiyasına görə bütün diplomatik nümayəndəliklər və diplomatik nümayəndələrin fəaliyyət göstərdikləri ölkənin dövlət orqanları, hüquq mühafizə orqanları tərəfindən yüksək səviyyədə təhlükəsizliyi təmin olunmalıdır.
Buna səfirliyin, diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrin rəhbərliyi təminat verir. Bütün dünyada bu qayda icra olunur.
Hətta münasibətləri yaxşı səviyyədə olmayan ölkələrin diplomatik nümayəndəliklərinin belə təhkükəsizliyi ən yüksək səviyyədə digər ölkədə qorunur.
Bu, 1961-ci Vyana konvensiyasında qeyd olunmuşdur. Orada mühüm müddəalar var və o müddəalara bütün dövlətlər əməl edir etməlidir”.
Bu barədə danışan politoloq Ramiz Alıyev bildirib ki, İranda bu dövlətlər siyahısında olsa da, təəssüf ki, həm İranda, həm də bəzi ölkələrdə səfirliklərimizə və diplomatik nümayəndələrimizə qarşı təhlükəsizliyin təminatını görə bilmədik.
Politoloq hesab edir ki, istər terror aktlarında, istərsə də səfirliyə və səfirlik əməkdaşlarına qarşı törədilən neqativ hallara görə, dövlətlər məsuliyyət daşımalıdır.
Bəzi ölkələr təəssüflər olsun ki, bu məsuliyyətin anlamını dərk edə bilmədilər.
-Ramiz Alıyev
Ramiz Alıyev vurğulayıb ki, bu günlərdə Ermənistanın Təbrizdə konsulluğunun açılması məsələsi gündəmdədir.
“Ermənistanla İran arasında uzun illərdir münasibətlər var. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın İranla anlaşması məsələsi başlayanda və baş tutanda Ermənistan çox narahat olmuşdu.
Ermənistanla Azərbaycan arasında hələ ki, sülh müqaviləsi yoxdur və bu mövzu hələ də gözləmə rejimindədir. Ermənistan müəyyən təxribatlar törədir və razılaşmadan qaçır.
Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bu səbəbdən də, Azərbaycanla İran arasında anlaşma yaranmış, Azərbaycan İran üzərindən həmin yolun aparılmasını istəmiş və İran da qəbul etmişdi. Razılığa gəlmişdilər.
Buna görə də Ermənistan bir növ İrandan incik kimi qalmışdı. Ermənistanda ABŞ hərbçiləri ilə təlimlər keçiriləndə İran bu məsələyə öz etirazını bildirmişdi. Belə münasibətlər davam edir.
Azərbaycan öz yolu ilə gedir. Azərbaycan üçün İranla razılaşmada alternativ yol var. Yəqin ki, Ermənistanla İran arasında münasibətlərin yenidən istiləşməsi üçün bu addımı atmaq niyyətindədirlər.
Azərbaycanın tərəfinə İran dövləti dəfələrlə Azərbaycan səfirliyinin açılmasıyla bağlı xahiş edib.
Azərbaycan da öz tələblərini və şərtlərini İran tərəfinə bildirmişdir. Həmin terror hadisəsi ilə bağlı bu yaxınlarda Azərbaycan baş prokuroru ilə İranın baş prokuroru arasında danışıqlar olmuş, gedən proseslər müzakirə olunmuşdu”-deyən Ramiz Alıyev vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycan səfirliyinin Tehranda yenidən öz işinə başlaması mümkün ola bilər.
Politoloqun fikrincə, İran da təbii ki, regionda gedən proseslərdən kənarda qalmaq istəməz.
“İran elə bir dövlətdir ki, öz mənafeyi, inkişafı, dövlətin işlərinin, eyni zamanda iqtisadi və siyasi məsələlərin uğurlu olması üçün Azərbaycanla münasibətlərinə yenidən baxacaq.
Şübhəsiz ki, hansısa formada Azərbaycanla münasibətlərinə istilik gətirəcək. Ancaq İran eyni zamanda Ermənistanla uzun illərdir yaxın münasibətdədir və Azərbaycana qarşı müəyyən məsələlərdə birgə çıxış ediblər.
Ona görə də, İran Ermənistanla münasibəti korlamaq istəmir. İran Azərbaycana qarşı hərhansı müstəvidə problemə getmək istəməz və getməz. Azərbaycana qarşı açıq şəkildə mübarizə aparmaz. İranda 40 milyon Azərbaycanlı var və bu qüvvə İran üçün çox böyük təhlükədir”-deyən politoloq hesab edir ki, İran Azərbaycanla münasibətləri daha da istiləşdirib gələcək planlarını və iqtisadi lahiyələrini həyata keçirmək istəyəcək.