BAKI, Azərbaycan
Mətbuat vətəndaşlara hökumətlə ünsiyyətdə kömək etməklə hökumətin fəaliyyətini yaxşılaşdırır.
Vətəndaşlara hüquqlarının pozulmasına diqqəti cəlb etmək imkanı verir.
Hökuməti xalqla əlaqələndirir, siyasətçilərə onların hərəkətlərinin necə qəbul edildiyini daha yaxşı anlamağa kömək edir.
Media o zaman həqiqi müstəqil ola bilər ki, onlar yaxşı maliyyələşsinlər və sponsorlar redaksiya işlərinə qarışmasın.
Azərbaycanda isə, bu demək olar ki, mümkün deyil.
Media qurumlarına sponsorluq edən qurum və təşkilatlar, təbii ki, redaksiyaların işinə, siyasətinə qarışır və istiqamətləndirməyə çalışırlar.
Bu səbəbdən də, çox zaman mətbuat azadlığından danışmaqda çətinlik çəkirik.
- Maliyyə baxımından asılı olan, mətbuatın azadlığından danışmaq mümkündürmü
- Bu gün Azərbaycan mediası müstəqil ola bilərmi?
Düzdür, Azərbaycan mətbuatında nöqsanlar saymaqla tükənməz. Amma qarşıdan Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148-ci ili tamam olur.
Belə ki, 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsasını qoyub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda media azaddır.
Jurnalistlərə öz fikirlərini ifadə etmək üçün hər cür imkanlar yaradılıb və sözsüz ki, bu da demokratiyanın, aşkarlığın bir ifadəsidir.
-Tahir Rzayev
Deputat qeyd edib ki, istər dövlətimizin rəhbəri, istərsə də müvafiq orqanlar Azərbaycan mediasının inkişaf etməsi jurnalistlərin fəaliyyətinin genişləndirməsi üçün lazım olan bütün tədbirləri görürlər.
Onun sözlərinə görə, bu, çox vacibdir. Çünki əsaslı faktlar gətirmək, uğurları qələmə almaq, nöqsanlarla barışmaz olmaq, ölkənin inkişafı və insanların həyatının yaxşılaşması, onların rahatlığının təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Tahir Rzayev bildirib ki, Azərbaycanda söz mətbuat azaddır.
Bu günkü medianın inkişafı hamını sevindirsə də, nöqsanlar da var. Bu nöqsanları isə, qeyd etməmək olmaz.
Belə ki, bir çox sosial şəbəkələr, bir çox jurnalistlər öz fəaliyyətlərini, öz məsuliyyətlərini hələ də düzgün qiymətləndirmirlər.
Onlar müəyyən hallarda yanlış faktlara istinad edir, insanların həyatına, onların ailə məsələlərinə müdaxilə edirlər. Bir çox hallarda ölkədə baş verən dəyişiklikləri, uğurları yanlış aspektdən qiymətləndirirlər.
Tahir Rzayevin fikrincə, bu da insanların narazılığına səbəb olur.
Əsaslandırılmamış, kiminsə dilindən eşidilməmiş, yaxud da dildən- dilə gəzən faktların bir çox hallarda şişirdilməsi, əlbəttə ki, jurnalistikanın, jurnalistlərin sənətinə və imicinə ziyan vurur.
Deputat hesab edir ki, belə hallar olmamalıdır.
Baş verən hadisələri real qiymətləndirmək, bilavasitə jurnalistlərin peşə borcudur…
“Reallıqlar əks olunmalıdır. Çünki bir çox hallarda biz jurnalistikanı həyatımızın güzgüsü adlandırırıq. O güzgüdə hər bir kəs, hər bir fəaliyyət aydın görünməlidir”-deyən Tahir Rzayev hesab edir ki, sadalanan halları ötəri haldır.
Çünki müəyyən informasiya şəbəkələrində işləyənlərin peşə hazırlığı təcrübəsi o qədər də yetərli deyil.
Onlar bu peşənin məsuliyyətini o qədər də dərindən dərk etmədiyinə görə belə yanlış hallara yol verirlər. Ancaq ümumi götürəndə Azərbaycan mediası ildən-ilə inkişaf edir, təkmilləşir və jurnalistlərin, bu sahədə çalışanların peşə hazırlığı gündən-günə formalaşır.
P.S.
Azad mətbuat bizi maraqlandıran, həyatımıza təsir edən məsələləri işıqlandırır və insan hüquqlarına riayət olunmasına əsaslanan istənilən cəmiyyətin təməl daşıdır.
Amma bir çox ölkələrdə jurnalistlər repressiya və hücumlarla üzləşirlər. Azərbaycanda da bir zamanlar jurnalistlər təqib edilib, şantaj edilib, hətta öldürülüb.
Bu gün isə vəziyyət keçmişlə müqayisədə yaxşıdır.
Yəni jurnalistlər tam olmasa da, gördüklərini və düşündüklərini deyə bilirlər.
Və bu gün jurnalistlər yazdıqlarına görə, qətlə yetirilmirlər. Yaxşı ki...
Mətbuata böyük diqqət var. Aramızda olan jurnalistikanın adından istifadə edənlər, mətbuatı biznesə çevirənlər, qələmindən şantaj üçün istifadə edənlər təmizlənir və layiqincə cəzalandırılırlar.
Amma mətbuatın bir problemi də var. Aramızda özünə jurnalist deyib, ibtidai sinfi bitirə bilməyənlər də var. Təəssüf ki...